Azərbaycanlı iş adamı Şahlar Novruzovun əlindən alınaraq, Rusiya dövlətinin mülkiyyətinə keçirilən Tuapse Dəniz Kommersiya Limanı MMC keçmiş sahibinə qarşı iddia qaldırıb.
Turkustan.az lent.az-a istinadla xəbər verir ki, MMC iddiasında azərbaycanlı iş adamı Şahlar Novruzovdan guya ki, vurmuş olduğu ziyanın ödənilməsini tələb edib.
Bu barədə məlumat arbitraj işlərinin elektron bazasında yer alıb. İddia tələbinin məbləği hələlik açıqlanmayıb. İş üzrə üçüncü tərəf qismində Rusiya Baş Prokurorluğu və Federal Dövlət Əmlakı Agentliyi (Rosimuşestvo) cəlb olunub.
Tuapse Dəniz Kommersiya Limanı MMC 2008-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 278,2 milyon rubl təşkil edir. Əsas fəaliyyət istiqaməti yaşayış təyinatlı olmayan daşınmaz əmlakın icarəyə verilməsi və idarə olunmasıdır.
Şirkətin ilk sahibi Oleq Basin olub. 2014-cü ildə mülkiyyət hüququ Şahlar Novruzova keçib, 2015-ci ildən isə benefisiar Böyük Britaniyanın Virgin adalarında qeydiyyatdan keçmiş Vonixel Limited BVI şirkəti olub.
Bundan əvvəl, 2025-ci ilin dekabrında Krasnodar Vilayəti Arbitraj Məhkəməsi Rusiya baş prokurorunun müavininin iddiasını təmin edərək Tuapse Dəniz Kommersiya Limanı MMC-nin nizamnamə kapitalındakı 100 faizlik payın alınması ilə bağlı müqaviləni etibarsız sayıb və həmin payların dövlətin gəlirinə keçirilməsi barədə qərar çıxarıb.
Məhkəmə həmçinin limanla əlaqəli bir sıra daşınmaz əmlakın, o cümlədən avtomobil yollarının və körpülərə girişlərin dövlətə verilməsinə qərar verib.
Məhkəmə qərarında iddia olunub ki, Rusiya üçün strateji əhəmiyyət daşıyan aktivlərin xarici dövlət rezidentləri tərəfindən əldə olunması zamanı qanunvericiliyin tələbləri pozulub. Qara dəniz sahilində yerləşən və mühüm nəqliyyat infrastrukturuna yaxın olan Tuapse limanının yükaşırma obyektlərinə azərbaycanlı iş adamı Şahlar Novruzov, Kipr vətəndaşı Georgiu Yorgus və Vonixel Limited şirkəti nəzarət edib.
Qanunvericiliyə əsasən, belə aktivlərin xarici investorlar tərəfindən alınması Rusiya hökuməti və Federal Antiinhisar Xidməti ilə razılaşdırılmalı idi. Lakin bu prosedur həyata keçirilməyib.
2026-cı ilin fevralında isə On Beşinci Arbitraj Apellyasiya Məhkəməsi Şahlar Novruzovun limanın əlindən alınması ilə bağlı qərardan şikayətini rədd edib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.