HƏMAS Qətər, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İndoneziya, Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirlərinin imzaladığı birgə bəyanatı alqışlayıb və vasitəçi ölkələrlə ABŞ administrasiyasını İsrailin atəşkəs razılaşmasını pozmasının qarşısını almaq üçün təcili addımlar atmağa çağırıb.
Turkustan.az xəbər verir ki, hərəkatın yazılı açıqlamasında bildirilib ki, İordaniyanın ev sahibliyi ilə keçirilən Qüds nazirlər toplantısından sonra qəbul edilən birgə bəyanat Qəzza zolağında davam edən hücum və pozuntularla bağlı narahatlığı əks etdirir.
HƏMAS bəyanatda İsrailin hərəkətlərinin atəşkəs razılaşmasının ikinci mərhələsinin həyata keçirilməsinə və siyasi prosesin davamına maneə yaratdığına diqqət çəkildiyini vurğulayıb.
Açıqlamada vasitəçilər və ABŞ administrasiyası İsrailin hücumlarını davam etdirməsinin, razılaşma üzrə öhdəliklərini yerinə yetirməməsinin və atəşkəsin pozulmasının qarşısını almaq üçün "təcili və təsirli" tədbirlər görməyə çağırılıb.
HƏMAS həmçinin qeyd edib ki, Fələstin qrupları atəşkəs sazişinin həyata keçirilməsi istiqamətində səylərə "müsbət və məsuliyyətli" yanaşır və razılaşmanın davam etdirilməsinin vacibliyini dəstəkləyir.
Aytən Yaşar/ Turkustan.az