Zəngəzur dəhlizinin açılması artıq yeni geosiyasi reallıqdır və bu marşrut bizim qədər qarşı tərəfin də xeyrinədir.
Turkustan.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin "Milliyet" qəzətinə müsahibəsində deyib.
O bildirib ki, sülh müqaviləsinin mətni artıq ilkin olaraq təsdiqlənib:
"ABŞ ilə Ermənistan arasında imzalanan birgə bəyannamədə "Tramp marşrutu" ilə bağlı müvafiq razılaşma mövcuddur. Amerikalıların sözlərinə görə, bu yay hesablama-hazırlıq prosesi yekunlaşacaq, ardınca isə sürətlə tikinti başlayacaq. ABŞ-nin bu məsələdə yer alaraq prosesə zəmanət verməsi çox vacib idi. Zəngəzur dəhlizində də zəmanətçi olacaq. Çox təfərrüata vara bilmirəm".
H.Hacıyev əlavə edib ki, rəsmi Bakı atdığı qətiyyətli addımlarla Ermənistan rəhbərliyini barışığa məcbur edib:
"Ermənistanın indiki rəhbərliyi hər zaman sülhsevər idi? Məncə, xeyr. Biz öz addımlarımızla onların sülhsevər olmasını təmin etdik və onlar da sülhdən başqa yollarının olmadığını anladılar. İndi "əsl Ermənistan" qurmaq istəyirlərsə, qursunlar. Ermənistan sərhədləri daxilində öz daxili işlərini özləri bilərlər. Amma artıq bizim torpaqlarımızda gözləri olmasın, bundan sonra da olmayacağına inanıram"./teleqraf