İtaliyanın paytaxtı Romada ABŞ-ın vasitəçiliyi ilə Livan və İsrail arasında danışıqların yeddinci raunduna start verilib.
Turkustan.az xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, tərəflərin nümayəndə heyətləri Romada bir araya gələrək daha əvvəl əldə olunmuş çərçivə sazişinin icrası ilə bağlı məsələləri müzakirə edirlər.
Üç gün davam edəcəyi gözlənilən danışıqlarda razılaşmaların həyata keçirilməsi və ikitərəfli prosesin növbəti mərhələsi əsas gündəm mövzularıdır.
Bundan əvvəl İsrail və Livanın Vaşinqtondakı səfirləri ABŞ-ın vasitəçiliyi ilə danışıqlara hazırlıq məqsədilə 14 və 23 aprel tarixlərində görüş keçirmişdilər. ABŞ Dövlət Departamentində baş tutan ilk görüş 1993-cü ildən bəri tərəflər arasında ən yüksək səviyyəli birbaşa təmas kimi qiymətləndirilib.
ABŞ Prezidenti Donald Tramp isə aprelin 24-də verdiyi açıqlamada İsrailin Baş naziri Binyamin Netanyahu və Livan Prezidenti Cozef Aunu yaxın vaxtlarda Ağ Evdə qəbul etməyi səbirsizliklə gözlədiyini bildirmişdi.
Aytən Yaşar/ Turkustan.az