Fransanın Jirond (Gironde) bölgəsində baş verən meşə yanğınlarından sonra İkinci Dünya Müharibəsi dövrünə aid olduğu ehtimal edilən çoxsaylı hərbi sursat aşkarlanıb.
Turkustan.az xəbər verir ki, yerli KİV-in məlumatına görə, Jirond departamentinin Le Porj (Le Porge) kəndində yanğından sonra aparılan soyutma işləri zamanı yanmış ərazilərdə təxminən 100 minaatan mərmisi və müxtəlif növ digər sursat tapılıb.
Səlahiyyətlilər aşkarlanan sursatın Fransa və ya Almaniya ordusuna məxsus ola biləcəyini bildiriblər. Rəsmi qeydlərə əsasən, həmin dövrdə kənddə hərbi sursat anbarının mövcud olmaması silahların İkinci Dünya Müharibəsi zamanı ərazidə qaldığı ehtimalını gücləndirir.
Həmçinin qeyd olunub ki, meşə yanğını zamanı eşidilən güclü partlayışların əvvəlcə qaz balonlarının partlaması olduğu düşünülsə də, sonradan bunun torpaq altında qalmış hərbi sursatın partlaması ilə əlaqəli olduğu müəyyən edilib.
Hazırda ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Mütəxəssislər minaatan mərmiləri və digər sursatların nəzarətli şəkildə zərərsizləşdirilməsi üçün araşdırma və utilizasiya işlərini davam etdirirlər.
Aytən Yaşar/ Turkustan.az