Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər.
Turkustan.az xəbər verir ki, Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev Ermənistanın KTMT orqanlarında səsvermə hüququndan məhrum edilməsi qərarının bütün üzv dövlətlərin konsensusu ilə qəbul ediləcəyini bildirib.
“KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası noyabrın 11-də Moskvada keçiriləcək və dövlət liderləri, çox güman ki, bu məsələni müzakirə edəcəklər. Lazım gələrsə, bu barədə qərar konsensusla qəbul ediləcək", - deyə Vasilyev qeyd edib.
O xatırladıb ki, KTMT Nizamnaməsinin 25-ci maddəsi təşkilatın büdcəsinə iki il ərzində ödənişlərin gecikməsi halında bir sıra dövlət hüquqlarının, o cümlədən kvota vəzifələrinə səs vermək və namizədlər irəli sürmək hüququnun məhdudlaşdırılması ehtimalını nəzərdə tutur.
Siyasi şərhçi Rəşad Bayramov “Bakupost”a bildirib ki, Ermənistanın KTMT çərçivəsində səsvermə hüququndan məhrum edilməsi məsələsi həm hüquqi, həm də siyasi baxımdan kifayət qədər mürəkkəb mövzudur:
Vasilyevin açıqlamasından da göründüyü kimi, belə bir qərarın qəbulu üçün təşkilata bütün üzv dövlətlərin konsensusu tələb olunur. Bu isə o deməkdir ki, söhbət yalnız Rusiyanın və ya hər hansı bir üzv ölkənin siyasi iradəsindən deyil, bütövlükdə təşkilat daxilində ortaq mövqenin formalaşmasından gedir.
Hazırda Ermənistan onsuz da KTMT-nin fəaliyyətində iştirakını dayandırıb. Yəni üzv olaraq qalsa da, təşkilatın tədbirlərində iştirak etmir, ortaq təlimlərə qatılmır, hətta üzvlük haqqını belə ödəmir. Ermənistan bu addımını KTMT-nin ölkənin təhlükəsizlik gözləntilərini doğrultmaması ilə izah edir. Bu fonda əslində təşkilat daxilində Ermənistanın statusunun yenidən nəzərdən keçirilməsi ilə bağlı müzakirələrin aparılması təəccüblü görünmür”.
Ekspert düşünür ki, indiki mərhələdə bu məsələnin müzakirə predmetinə çevrilməsi sadəcə olaraq, Ermənistana təzyiq xarakteri daşıyır:
“KTMT daxilində belə bir qərarın qəbul olunması istənilsəydi, bu çoxdan edilərdi. Ermənistan onsuz da KTMT ilə yollarını ayırmaq istəyir. Sadəcə, Rusiyanı daha da qıcıqlandırmamaq üçün təşkilatdan çıxmaq haqqında qərar verməyə tələsmir. Rusiya da Ermənistanın KTMT üzvlüyü ilə bağlı hər hansı qərarı indiyə qədər ona görə vermir ki, bu qərar İrəvanı Qərblə yeni təhlükəsizlik mexanizmləri qurmağa sövq edə bilər”.
Müsahibimiz qeyd edir ki, gələcəkdə belə bir qərar qəbul olunacaqsa, Ermənistan da ona cavab olaraq artıq təşkilatda qalmağın mənasız olduğuna dair mövqe ortaya qoya bilər:
“Son iki-üç ildə İrəvanın xarici siyasət kursunda müşahidə olunan dəyişikliklər göstərir ki, ölkə onsuz da təhlükəsizlik sahəsində alternativ tərəfdaşlıqlar qurmağa çalışır. Ermənistan Avropa İttifaqı ilə siyasi dialoqu genişləndirib, ABŞ ilə təhlükəsizlik sahəsində əməkdaşlığı artırıb və digər beynəlxalq platformalarda fəallığını yüksəldib. Bu mənada səsvermə hüququnun məhdudlaşdırılması Ermənistanın KTMT ilə yollarını tamamilə ayırmasına gətirib çıxara bilər. Düşünürəm ki, bunu Rusiya tərəfi də kifayət qədər yaxşı başa düşür və ona görə də münasibətlərin daha dərin böhran mərhələsinə keçməməsi üçün Vasilyevin dediyi istiqamətdə hansısa bir addım atılmayacaq.
Ermənistanın səsvermə hüququndan məhrum edilməsi nəzəri baxımdan mümkün olsa da, indiki şərtlər daxilində bunun reallaşacağına dair ehtimallar olduqca aşağıdır. Çünki belə bir qərarın qəbulu KTMT ilə Ermənistan arasında artıq mövcud olan etimad böhranını daha da dərinləşdirə və İrəvanın KTMT-dən tam çıxması prossesini sürətləndirə bilər”.