NATO-nun Ukraynaya yardım missiyasında rəhbərlik dəyişdi


NATO-nun Ukraynaya göstərilən hərbi yardım və təlim fəaliyyətlərini əlaqələndirən Ukrayna üçün Təhlükəsizlik Yardımı və Təlim Təşəbbüsünə (NSATU) yeni rəhbər təyin olunub.

Turkustan.az xəbər verir ki, alyansın yaydığı məlumata əsasən, Almaniyanın Visbaden şəhərində keçirilən təhvil-təslim mərasimində general-leytenant Guillaume N. Beaurpere komandanlıq səlahiyyətlərini general-leytenant Curtis A. Buzzarddan qəbul edib.

Mərasimdə çıxış edən NATO-nun Avropadakı Ali Müttəfiq Qüvvələrinin Komandanı general Aleksus Qrinkeviç bildirib ki, yaxın bir il ərzində NSATU-ya avropalı və ya kanadalı zabitin rəhbərlik etməsi nəzərdə tutulur.

O, həmçinin ABŞ-ın rəhbərlik etdiyi Ukrayna üçün Təhlükəsizlik Yardımı Qrupu (SAG-U) tərəfindən yerinə yetirilən bəzi vəzifələrin mərhələli şəkildə NSATU-ya ötürüləcəyini açıqlayıb. Qrinkeviçin sözlərinə görə, bu proses Ukraynaya göstərilən hərbi dəstəyi zəiflətməyəcək, əksinə, yardımın idarə olunmasını və koordinasiyasını daha səmərəli edəcək.

General əlavə edib ki, bu addım müttəfiq ölkələrin Alyans daxilində məsuliyyət bölgüsünün artırılması istiqamətində atılan növbəti addımdır və "NATO 3.0" konsepsiyasının həyata keçirilməsinə xidmət edir.

NSATU NATO müttəfiqləri və tərəfdaş ölkələrin Ukraynaya göndərdiyi silah, hərbi texnika və təlim proqramlarının əlaqələndirilməsini həyata keçirən əsas qurumdur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ