Türkiyədə "Terrorsuz Türkiyə" prosesi çərçivəsində hazırlanmış hüquqi tənzimləmə yekunlaşdırılıb.
Turkustan.az xəbər verir ki, 12 maddədən ibarət qanun layihəsinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədrliyinə təqdim ediləcəyi və həftənin sonunadək parlamentdə müzakirəyə çıxarılacağı gözlənilir.
"Milli Həmrəyliyin və Sosial İnteqrasiyanın Gücləndirilməsi" adlanan qanun layihəsi terrorla mübarizə prosesinin hüquqi əsaslarını müəyyən etməyi hədəfləyir.
AK Partiya qrupunda imzaya açılan layihəyə ilk imzanı MHP sədri Dövlət Baxçalı atıb. Sənədi MHP rəsmiləri Fəti Yıldız, Cəlal Adan, Erkan Akçay və Filiz Kılıç da imzalayıblar. Layihə üzrə imza prosesinin bu gün saat 17:00-dək başa çatacağı bildirilir.
MHP-nin yaydığı açıqlamada Dövlət Baxçalının imzasının "terrorsuz Türkiyə" hədəfi istiqamətində millətin sülhü, birliyi və gələcəyi üçün hazırlanan çərçivə qanunu baxımından tarixi əhəmiyyət daşıdığı vurğulanıb.
Aytən Yaşar/ Turkustan.az