Avropanın ən güclü hava qüvvələri açıqlandı: Türkiyədən sürpriz nəticə


"National Interest" nəşri Avropanın ən güclü hava qüvvələrinin reytinqini dərc edib.

Turkustan.azxəbər verir ki, qiymətləndirmədə təyyarələrin sayı, döyüş hazırlığı, texnoloji infrastruktur və müdafiə sənayesinin imkanları nəzərə alınıb.

Rusiya–Ukrayna müharibəsinin dördüncü ilinin tamamlanması fonunda Avropanın hava gücü yenidən təhlil edilib.

Rusiya siyahıya başçılıq edir

Reytinqdə birinci yerdə Rusiya qərarlaşıb. Hesabata görə, ölkənin təxminən 4300 təyyarədən ibarət hava donanması var və bunların 900-dən çoxunu ön cəbhə döyüş təyyarələri təşkil edir.

Bildirilir ki, donanmanın əsasını "Su-30", "Su-35" və "Su-34" tipli 4,5-ci nəsil döyüş təyyarələri təşkil edir. Yerli istehsal olan beşinci nəsil "Su-57" təyyarələrinin istehsal tempi isə aşağı qiymətləndirilib.

Hesabatda Rusiya–Ukrayna müharibəsinin Rusiyanın yüksək dəqiqlikli zərbə imkanlarında müəyyən çatışmazlıqları üzə çıxardığı qeyd olunsa da, ölkənin hələ də Avropanın ən güclü hava qüvvələrinə sahib olduğu vurğulanıb.

Türkiyənin yerli müdafiə layihələri ön planda

Hesabata əsasən, Türkiyə təxminən 1000 təyyarə və 300-ə yaxın döyüş təyyarəsi ilə Avropanın ikinci ən güclü hava qüvvələrinə malik ölkə hesab olunub. Qeyd olunur ki, Türkiyə Hərbi Hava Qüvvələrinin əsasını ABŞ istehsalı olan "F-16 Fighting Falcon" döyüş təyyarələri təşkil edir. Donanmada bununla yanaşı, "F-4 Phantom II" və "F-5 Tiger II" qırıcıları da xidmət göstərir.

Təhlildə son illər Türkiyənin yerli müdafiə sənayesinə yatırdığı investisiyalar xüsusi vurğulanıb. Xüsusilə beşinci nəsil "TF KAAN" döyüş təyyarəsi layihəsi diqqətə çatdırılıb. Eyni zamanda, başda "Bayraktar TB2" olmaqla aşağı maliyyətli və yüksək effektivliyə malik pilotsuz uçuş aparatlarının ölkənin hava gücünə mühüm üstünlük qazandırdığı bildirilib.

Məqalədə "Bayraktar TB2" pilotsuz uçuş aparatlarının həm 2020-ci ildə Ermənistan–Azərbaycan müharibəsində, həm də Rusiya–Ukrayna müharibəsinin ilk mərhələsində nümayiş etdirdiyi imkanların Türkiyənin hava döyüş texnologiyalarındakı inkişafını göstərdiyi qeyd olunub.

Böyük Britaniya üçüncü, Fransa dördüncü yerdədir

Siyahıda üçüncü pillədə Böyük Britaniya yer alıb. Təxminən 670 təyyarə və 160 müasir döyüş təyyarəsinə malik Kral Hərbi Hava Qüvvələrinin "F-35B Lightning II" və "Eurofighter Typhoon" təyyarələri ilə NATO-nun əsas hava güclərindən biri olduğu bildirilib.

Dördüncü yerdə qərarlaşan Fransanın isə təxminən 520 təyyarədən ibarət donanmasının əsasını yerli istehsal olan "Dassault Rafale" döyüş təyyarələri təşkil edir. Təhlildə Fransanın ABŞ müdafiə sistemlərindən asılı olmayan yeganə böyük Avropa hava gücü olduğu qeyd edilib.

İtaliya ilk beşliyi tamamlayır

Beşinci yerdə İtaliya qərarlaşıb. Təxminən 740–960 təyyarədən ibarət donanmaya malik ölkənin həm "F-35A", həm də "F-35B" döyüş təyyarələrindən istifadə etdiyi bildirilib. Bundan əlavə, Avropadakı yeganə "F-35" istehsal və texniki xidmət mərkəzinin "Kameri" bazasında yerləşdiyi qeyd olunub.

Almaniya "mansiyon" kateqoriyasında göstərilib

Təhlildə Almaniya ilk beşliyə daxil edilməsə də, "mansiyon" kateqoriyasında qeyd olunub. Təxminən 380 təyyarədən ibarət donanmaya malik ölkənin NATO-nun Avropadakı logistika və hava müdafiəsinin əsas dayaqlarından biri olduğu, "F-35A" döyüş təyyarələri ilə donanmasını sürətlə yenilədiyi bildirilib.

Qiymətləndirmə yalnız təyyarələrin sayına əsaslanmayıb

Hesabatda vurğulanır ki, hava qüvvələrinin gücü yalnız təyyarələrin sayı ilə müəyyən edilmir. Pilot hazırlığı, texniki xidmət və döyüş hazırlığı səviyyəsi, erkən xəbərdarlıq sistemləri, texnoloji infrastruktur və müdafiə sənayesinin potensialı da əsas meyarlar sırasında yer alıb. Bu göstəricilər əsasında Türkiyə Avropanın ikinci ən güclü hava qüvvələrinə malik ölkə kimi qiymətləndirilib.

Aydın


MANŞET XƏBƏRLƏRİ