Elçibəyin tarixi çıxışı yayıldı: hər şeyi öncədən bilirmiş – Moskvadan təlimat gəlib


Sosial şəbəkələrdə sabiq prezident Əbülfəz Elçibəyin 1993-cü ildə hökumət nümayəndələri qarşısında etdiyi çıxışdan bir hissə yayılıb. O, ölkədə sabotajçı qüvvələrin fəaliyyət göstərdiyini bildirib. Sabiq prezident deyib ki, Qurban bayramı ərəfəsində süni şəkildə çörək qıtlığı yaradılır. Elçibəy “Millətin üstünə fəlakət gəlir, xalqı vətəndaş müharibəsinə çəkirlər”, – deyə xəbərdarlıq edib. O, məmurları rayonlara gedərək vətəndaşlarla görüşməyə və onların problemlərini dinləməyə çağırıb.

Sabiq prezident çıxışında Azərbaycanın üzləşdiyi təhlükəli planlardan danışır, təhlükənin haradan qaynaqlandığını göstərir. Lakin bundan qısa müddət sonra hakimiyyətdən devrilir. 1993-cü il iyunun 4-də Gəncədə Surət Hüseynovun rəhbərliyi ilə hərbi qiyam baş verir.

Maraqlıdır, bu qədər məlumata malik olduğu halda, Əbülfəz Elçibəy niyə bunun qarşısını ala bilmədi? Tabeliyində olan məmurları təhlükənin ciddiliyinə inandırmaqda çətinlik çəkib? Yaxud onlar hakimiyyətin devriləcəyinə inanmayıblar? Yoxsa hakimiyyət daxilində bəzi şəxslər çevrilişin baş tutmasında maraqlı idilər?

Həmin iclasda nə baş verdi?

Əbülfəz Elçibəyin prezident olduğu dövrdə onun köməkçisi olmuş Oqtay Qasımov Globalinfo.az-a bildirib ki, sözügedən toplantı 1993-cü ilin may ayında prezidentin iştirakı ilə keçirilib:

“Burada ölkə rəhbərliyi, nazirlər, Prezident Aparatının yüksək vəzifəli rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak edirdilər. Prezident yaranmış vəziyyətlə bağlı çıxış etdi və tənqidi fikirlərini səsləndirdi. Qeyd olunan problemlər yalnız həmin dövrə aid deyildi. Hakimiyyət qurulduqdan sonra baş verən təxribatlar və onlara qarşı görülən tədbirlər də müzakirə olunurdu. Çünki ölkədə süni şəkildə taxıl və ərzaq qıtlığı yaratmağa çalışan qüvvələr var idi və onlara qarşı mübarizə aparılırdı.

Həmin vaxta qədər hökumət çevriliş cəhdinin qarşısını almışdı. Bu iclasdan bir neçə gün sonra rus ordusu tamamilə Azərbaycandan çıxarıldı. Bu, olduqca mühüm tarixi hadisə idi. Ölkə prezidenti də bilirdi ki, rus ordusunun Azərbaycandan çıxarılmasına Rusiyanın reaksiyası gecikməyəcək. Onların çevriliş planları ilə bağlı müəyyən kəşfiyyat məlumatları da əldə olunmuşdu.
Prezidentin əsas tələblərindən biri ölkə daxilində görülən işlərin canlı ünsiyyət vasitəsilə xalqa çatdırılması idi. Dövlət Televiziyası əsas informasiya kanalı kimi bu vəzifənin öhdəsindən tam şəkildə gələ bilmirdi.

Rus ordusu çıxarılandan sonra onun silahlarının əsas hissəsi Gəncədə Surət Hüseynova verildi. Bu isə onun hərbi qüvvələrinin ciddi şəkildə güclənməsi demək idi. Rusiya və İran da daxil olmaqla bir sıra ölkələrin bu prosesdə iştirakı ilə bağlı müəyyən məlumatlar mövcud idi.

oqtay qasimov 5
Oqtay Qasımov

Bu iclasdan sonra Dövlət Müdafiə Komitəsinin toplantısı keçirildi. Burada ordudakı vəziyyət müzakirə olundu, konkret tapşırıqlar verildi və qərarlar qəbul edildi. Həmin qərarlardan biri də Surət Hüseynovun rəhbərlik etdiyi 709 saylı hərbi hissənin Müdafiə Nazirliyinin tabeliyinə verilməsi idi. Bu məsələ müzakirə olundu və Gəncədə Müdafiə Nazirliyinə tabe olmaq istəməyən hərbi qüvvələrin qiyamının qarşısını almaq üçün bölgəyə əlavə qüvvələr göndərildi.

Təəssüf ki, bu qüvvələr qarşılarına qoyulan vəzifənin öhdəsindən gələ bilmədilər. Bunun əsas səbəblərindən biri o idi ki, həmin dövrdə güc strukturlarında, xüsusilə də Müdafiə Nazirliyi sistemində Rusiyanın agentura şəbəkəsi kifayət qədər güclü idi. Onlar prosesləri əngəlləmək və görülən tədbirlərin qarşısını almaq imkanına malik idilər.
Göndərilən qüvvələr hakimiyyətə sədaqətli olsalar da, təcrübəsiz idilər. Əsas problem də bundan ibarət idi. Qiyamı yatırmaq üçün göndərilən sədaqətli qüvvələr kifayət qədər hazırlıqlı deyildilər. Təcrübəli hərbçilərin bir hissəsi isə çevriliş tərəfdarlarına qoşulmuş, Moskvadan verilən təlimatlar əsasında hərəkət edirdi.

Bu, kifayət qədər mürəkkəb dövr idi. Hakimiyyət daxilində bəzi şəxslər çevrilişin baş verəcəyinə inanmırdılar. Lakin təhlükədən xəbərdar olanlar da var idi və bunun qarşısını almaq üçün addımlar atılırdı. Təəssüf ki, görülən tədbirlər gözlənilən nəticəni vermədi və nəticədə çevriliş baş verdi”.


MANŞET XƏBƏRLƏRİ