İspaniya qeyri-qanuni miqrasiya ilə bağlı xəbərdarlıq etdi


İspaniya Xarici İşlər Nazirliyi bəyan edib ki, Şimali Afrikadakı İspaniya əraziləri olan Seuta və Melilya vasitəsilə ölkəyə qeyri-qanuni daxil olmaq nə İspaniyada qalmaq, nə də Avropa İttifaqı daxilində sərbəst hərəkət etmək hüququ verir.

Turkustan.az xəbər verir ki, Nazirliyin yazılı açıqlamasında vurğulanıb ki, bu marşrutla ölkəyə qanunsuz giriş həm hüquqi baxımdan heç bir üstünlük yaratmır, həm də insanların həyatı üçün ciddi təhlükə daşıyır.

Bəyanatda qeyd olunub ki, İspaniya Ali Məhkəməsinin bu yaxınlarda qəbul etdiyi qərar yalnız dəniz yolu ilə ölkəyə gələn şəxslərlə bağlı prosedurları dəqiqləşdirir və İmmiqrasiya Qanununda hər hansı dəyişiklik etmir.

Nazirlik bildirib ki, həmin qərar sərhəddə giriş tələblərinin rədd edilməsini qanunsuz saymır, yeni giriş mexanizmi yaratmır və deportasiya prosedurlarını dayandırmır.

Açıqlamada həmçinin İspaniya–Mərakeş sərhədində təhlükəsizlik tədbirlərinin gücləndirildiyi qeyd olunub. Tarajal dalğaqıranında yerləşən 500 metrlik üzən baryerin məhkəmə qərarına uyğun şəkildə möhkəmləndirildiyi, iyulun 30-da sərhədi qanunsuz keçən şəxslərin isə demək olar ki, hamısının Mərakeşə geri qaytarıldığı bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ