ABŞ-ın Yunanıstandakı səfiri Kimberli Qillfoyl Trampı dəstəkləyən donordan yüksək vəzifəli administrasiya rəsmiləri ilə görüş təşkil etmək müqabilində 100 min dollar istəməkdə ittiham olunur. İddialar Vaşinqtonda müzakirələrə səbəb olub.
Turkustan.az xəbər verir ki, “The Wall Street Journal” (WSJ) qəzetinin məlumatına görə, Qillfoylun dəbdəbəli səfərləri və yunan iş adamları ilə əlaqələri ilə bağlı araşdırma aparılır. ABŞ Prezidenti Donald Trampın da hadisələrin gedişatından xəbərdar olduğu bildirilir.
Qəzetin nəzərdən keçirdiyi mesajlara əsasən, Qillfoyl 2025-ci il iyulun 3-də, səfir vəzifəsinə namizədliyinin Senatda təsdiqi ilə bağlı dinləmələrdən bir neçə gün əvvəl Trampın tərəfdarı Erik Deterslə əlaqə saxlayıb.
İddialara görə, Qillfoyl Detersdən “American Express” kredit kartı borcunu ödəmək üçün 100 min dollar istəyib. Mesajda onun belə yazdığı bildirilir:
“Əzizim, xahiş edirəm, bunu bu gün mənim üçün həll edin. Pulu buraya göndərə bilərsiniz”.
Qillfoyla qarşı irəli sürülən iddialarla bağlı araşdırmanın nəticəsi hələ məlum deyil.
Aytən Yaşar/ Turkustan.az