Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkədə prezident seçkilərinin keçirilməsi üçün 60 günlük atəşkəs elan edilməsi təklifini rədd edib. Moskva müvəqqəti atəşkəs əvəzinə hərtərəfli və uzunmüddətli sülh razılaşmasına nail olmaq istədiyini bildirib.
Turkustan.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın mövqeyinin dəyişmədiyini vurğulayıb.
“Prezident Putin və digər səviyyələrdəki rəsmilər dəfələrlə atəşkəs istəmədiyimizi bildiriblər. Biz uzunmüddətli sülh istəyirik və buna nail olmaq üçün mümkün olan hər şeyi etməyə hazırıq”, – Peskov bildirib.
Rusiya uzun müddətdir Ukraynaya prezident seçkilərinin keçirilməsi ilə bağlı təzyiq göstərir və seçkilərin baş tutmamasının Zelenskinin legitimliyini şübhə altına aldığını iddia edir. Ukrayna qanunvericiliyi isə hərbi vəziyyət dövründə seçkilərin keçirilməsini qadağan edir.
Zelenski bazar günü ABC telekanalının “This Week” proqramında çıxışı zamanı Putinə 60 günlük tam atəşkəs təklif etdiyini bildirib.
“Xahiş edirəm, Putinə deyin: bizə iki ay, yəni 60 günlük tam atəşkəs verin. Bu müddətdə seçkilər keçirəcəyik”, – Ukrayna Prezidenti deyib.
Aytən Yaşar/ Turkustan.az