Rusiya Müdafiə Nazirliyi hərbi pilotsuz uçuş aparatlarında (PUA) süni intellekt sistemlərindən istifadəni genişləndirmək üçün yeni məlumat mübadiləsi sistemi yaradıb. Sistem süni intellekt modellərinin döyüş şəraitində əldə edilən görüntülər əsasında hazırlanmasına imkan verəcək.
Turkustan.az xəbər verir ki, nazirliyin açıqlamasına görə, yeni sistem PUA istehsalçılarına döyüş meydanında istifadə olunan FPV dronlarının, eləcə də helikopter və təyyarə tipli pilotsuz aparatların əməliyyatları zamanı qeydə alınan video görüntülərə çıxış imkanı verir. Bu materiallardan hərbi məqsədlər üçün süni intellekt modellərinin hazırlanmasında istifadə olunacaq.
Rusiya müdafiə nazirinin müavini Dmitri Şerbini layihə ilə bağlı açıqlamasında 40-dan çox təşkilatın artıq sistemə qoşulduğunu bildirib.
“Hazırda süni intellekt modellərinin hazırlanması ilə məşğul olan 40-dan çox təşkilat sistemə qoşulub. Bu təşkilatlar həmçinin həmin modelləri öz döyüş pilotsuz sistemlərinə inteqrasiya etmək üzərində işləyirlər”, – Şerbini qeyd edib.
Nazirliyin məlumatına görə, mütəxəssislər süni intellekt sistemlərinin maşın öyrənməsi proseslərində istifadə ediləcək məlumatların təsnifatı üçün vahid standartlar da hazırlayıblar. Bu, tərtibatçılara ümumi məlumat bazasında müəyyən edilmiş qaydalara uyğun işləməyə imkan verəcək.
Aytən Yaşar/ Turkustan.az