Katolik kilsəsinin mənəvi lideri və Vatikan dövlətinin başçısı Papa XIV Leonun ağciyərində kiçik düyün aşkarlanıb.
Turkustan.az xəbər verir ki, həkimlərin tövsiyəsi ilə düyünün çıxarılması üçün əməliyyat olunmağa qərar verən Papa müdaxilənin yaxın günlərdə həyata keçiriləcəyini bildirib.
Papa XIV Leo sosial media hesabında səhhəti ilə bağlı məlumat paylaşıb. O, tibbi müayinələr zamanı ağciyərində kiçik, lokal düyün aşkarlandığını və problemin erkən mərhələdə müəyyən edildiyini qeyd edib.
Papa həkimlərin tövsiyəsinə əsasən əməliyyat olunmağa razılıq verdiyini vurğulayaraq müraciətində bunları bildirib:
“Əziz dostlarım, bu yaxınlarda tibbi müayinələr zamanı ağciyərlərimdə kiçik, lokal düyün aşkarlandı. Bu düyün çox erkən mərhələdə müəyyən edildi və dəqiq lokallaşdırılıb. Həkimlər müdaxilənin ən yaxşı yol olduğuna inanırlar. Buna görə də onların məsləhətinə əməl edərək düyünün çıxarılması üçün əməliyyat olunmağa qərar verdim. Əməliyyat yaxın günlərə planlaşdırılıb.
Mənəvi dəstəyiniz üçün təşəkkür edirəm və özümü dualarınıza əmanət edirəm”.
Aytən Yaşar/ Turkustan.az