Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət məktəblərində vahid geyim qaydalarının tətbiqinə mane olmaq məqsədilə Bakıda ictimai asayiş ciddi şəkildə pozulub. Bir qrup şəxs təhsil işçiləri ilə münaqişə yaradıb, məktəb binalarına ziyan vurub, nəqliyyatın hərəkətini və təhsil müəssisəsinin adət etdiyi iş rejimini axsatmağa cəhd edib. Baş verən olayla bağlı 37 nəfər məsuliyyətə cəlb olunub.
Həmin şəxsləri hansı cəzanın gözlədiyi ilə bağlı hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a açıqlama verib.
Hüquqşünas bildirib ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 233-cü maddəsi (ictimai qaydanın kobud şəkildə pozulması, qrup hərəkətlərinin təşkilinə və ya belə hərəkətlərdə fəal iştirak etmə) ilə məsuliyyət daşıyırlar:
“Təqsir sübuta yetirilərsə, məhkəmə 5 min manatdan 8 min manatadək miqdarda cərimə, 2 ilədək müddətə islah işləri, 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası təyin edə bilər. Bunlar alternativ cəzalardır.Hər bir şəxsin məsuliyyəti ayrıca müəyyənləşdirilməlidir: hansı hərəkətdə təşkilatçı olub, fəal iştirakı nədə ifadə olunub və hansı nəticələr yaradıb. Bu suallar konkret sübutlarla cavablandırılmalıdır. Məhkəmələr cəza təyin edərkən əməlin xarakterini, şəxsin kimliyini, yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır”.