İlqar Fəhmi: "Dövlət bilir nə edir, boş yerə hay-küy salmayın!"


Azərbaycanda məktəblərdə vahid geyim qaydaları və hicabın məktəbli geyimi ilə bağlı tələblərə uyğunluğu ətrafında müzakirələr davam edir.

Valideynlərin etirazları, bəzi radikal qrupların məktəblər ətrafında təxribat xarakterli addımları və uşaqların da bu prosesə cəlb olunması məsələnin cəmiyyətdə daha həssas müzakirəsinə səbəb olub.

Məktəblərdə dünyəvilik prinsipinin qorunması, dini inanclarla təhsil qaydaları arasındakı münasibət və uşaqların bu cür qarşıdurmalardan uzaq tutulması diqqət mərkəzindədir. Bəs baş verənlərə necə yanaşılmalıdır? Bu məsələdə cəmiyyətin və valideynlərin məsuliyyəti nədən ibarətdir?

Turkustan.az mövzu ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi, yazıçı, şair İlqar Fəhminin fikirlərini öyrənib.

İlqar Fəhmi: "Əvvəlcə onu qeyd edim ki, dövlətin istənilən strukturu hər hansı qərarı ayaqüstü, özbaşına qəbul etmir. Belə qərarların arxasında uzunmüddətli müzakirələr, məsləhətləşmələr, monitorinqlər və təhlillər dayanır. Yəqin ki, bu qərar da uzun illər müzakirə olunub, onun zəruriliyi öyrənilib. Əgər qərarın qəbul edilməsinin zəruriliyi qənaəti üstün gəlibsə, deməli, bunun həqiqətən də vacib olduğu, ehtiyacdan irəli gəldiyi düşünülüb.

Onu da qeyd edim ki, bu mövzu ətrafında internetdə və sosial şəbəkələrdə aparılan müzakirələr çox xoşagəlməz təsir yaradır. Çünki diqqətlə təhlil edəndə məlum olur ki, bu məsələni gündəmə gətirənlərin cəmi 5-6 faizi həqiqətən də mövzuya aidiyyəti olan insanlardır. Böyük hissəsi ya kənarda oturub Azərbaycan əleyhinə kampaniya aparan qüvvələrdir. Onların məqsədi istənilən hadisədən istifadə edərək, necə deyərlər, qaşınmayan yerdən qan çıxarmaq və baş verənləri Azərbaycan dövlətçiliyinə qarşı yönəltməkdir.

Digər tərəfdən, elə qüvvələr də var ki, onların əslində heç bir siyasi məqsədi yoxdur. Sadəcə, bloqerlərdən və internet fəallarından ibarət böyük bir təbəqə yaranıb. Onlar ən xırda detalı axtarırlar ki, onu şişirdib hay-küy yaratsınlar, öz baxış və reytinq göstəricilərini artırsınlar.

Bu, çox xoşagəlməz haldır. Hansısa şou-biznes hadisəsi və ya başqa mövzular haqqında yazaraq baxış sayını, reytinqi artırmaq məqbuldur. Demokratik cəmiyyətimiz var, hər kəs istədiyini yaza, fikrini ifadə edə bilər. Amma insanlar üçün həssas olan mövzuları şişirdərək hay-küy yaratmaq, özünə reytinq, baxış və izləyici sayı toplamaq çox şərəfsiz əməldir. Çünki həssas mövzulara yanaşma da həssas olmalıdır.

Belə məsələlərdə diqqətli olmaq lazımdır. Yazılanlara, hay-küy yaradanların fikirlərinə həddindən artıq əhəmiyyət vermək düzgün deyil. Bir daha qeyd edirəm ki, bu işin peşəkarları, mütəxəssisləri, aidiyyəti olan insanlar və məsul şəxslər qərarı qəbul ediblərsə, deməli, məsələ dərindən öyrənilib, təhlil edilib və qərarın zəruri olduğu qənaətinə gəlinib. Buna görə də həmin qərar tətbiq edilir.

Məncə, məsələnin bütün mahiyyətinə varmadan hökm vermək və hay-küy yaratmaq düzgün deyil. Belə məsələlərdə diqqətli olmaq lazımdır".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ