Ermənistan Baş naziri Nikol Paşinyan “Radio France Internationale”yə (RFI) müsahibəsində müxalifət liderləri Samvel Karapetyan, Qaqik Sarukyan və Robert Köçəryanın həbsindəki mümkün rolu barədə sualları cavablandırıb.
Turkustan.az xəbər verir ki, o, adları çəkilən hər üç şəxsin eyni komandanın üzvləri olduğunu deyib.
Karapetyan barədə danışan Paşinyan onun barəsində də Fransada cinayət işinin olduğunu qeyd edərək, jurnalistdən bunun Fransa hökumətinin ona qarşı siyasi təqibi olub-olmamasını soruşub.
Köçəryanın işi ilə bağlı isə xatırladıb ki, həmin iş uzun müddətdir araşdırılır və 2008-ci il martın 1-də baş vermiş hadisələrlə də əlaqəlidir. Paşinyanın sözlərinə görə, bu yaxınlarda “1 Mart” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı olub: “Qərarda qətllərə görə məsuliyyət həmin dövrdə fəaliyyət göstərən dövlət orqanlarının üzərinə qoyulur”.
Paşinyan həmçinin 10 il prezident vəzifəsində çalışmış Robert Köçəryanın bir neçə yüz milyon dollar həcmində sərvəti necə topladığını sual edib: “Artıq səkkiz ildən çoxdur Ermənistanın baş naziriyəm. Bəs niyə mən milyonçu deyiləm? Kimsə bu suala cavab verə bilərmi? Bəs Robert Köçəryan niyə milyonçudur?”.
Sarukyanın da adını çəkən Paşinyan vurğulayıb ki, 2018-ci il inqilabının səbəblərindən biri vətəndaşların Robert Köçəryan və Serj Sərkisyanın hakimiyyətləri dövründə Ermənistanın talan edildiyinə inanması olub: “Bu prosesdə başqa şəxslər də iştirak ediblər”.
Baş nazirin fikrincə, keçmiş yüksək vəzifəli şəxslərin qanunsuz yollarla əldə etdikləri vəsaitlər dövlətə qaytarılmalıdır: “Artıq qanunsuz əmlakın müsadirəsi sistemi fəaliyyət göstərir və bu mexanizm vasitəsilə əvvəllər qanunsuz şəkildə özgəninkiləşdirilmiş əmlak dövlətə qaytarılır”.
Həmin şəxslərə qarşı məhkəmə proseslərinin siyasi qərarların nəticəsi olub-olmaması barədə suala cavab verən Nikol Paşinyan korrupsiyaya qarşı mübarizə üçün siyasi şəraitin yaradılmasının və institutsional islahatların həyata keçirilməsinin də zəruri olduğunu bildirib.
Paşinyan həmçinin qeyd edib ki, Robert Köçəryanın “1 Mart” işi hələ illər əvvəl məhkəməyə göndərilib: “Amma Ermənistanda məhkəmə işlərinin uzanması problemi mövcuddur. Bəzi şəxslər məhkəmə sistemində özləri üçün əlverişli şərait yaratmaq məqsədilə əvvəlki əlaqələrindən istifadə edə bilirlər. Bəzi hakimlərin keçmiş hakimiyyət nümayəndələri ilə ailə əlaqələri sistemin fəaliyyətinə təsir göstərir”.
Nikol Paşinyan bu kontekstdə Ermənistanda yeni Konstitusiyanın qəbul edilməsinin vacibliyini növbəti dəfə vurğulayıb./teleqraf