Karapetyanın Paşinyanı yıxmaq planı var


7 iyun tarixli parlament seçkilərində məğlubiyyətə uğramış Ermənistan müxalifətinin lideri Samvel Karapetyan yeni açıqlama verib.

Turkustan.az xəbər verir ki, “Güclü Ermənistan” blokunun lideri jurnalistlərin hakimiyyət dəyişikliyinə küçə etirazları yolu ilə nail olmaq variantını da nəzərdən keçirib-keçirmədikləri barədə sualını cavablandırıb.

Karapetyan deyib:

“Baxın, əgər vəziyyəti qiymətləndirib bunun zəruri olduğunu başa düşsək, əlbəttə ki, bunu edəcəyik. Ancaq bu gün, hazırkı vəziyyətdə bu ölkədə küçə siyasəti ilə məşğul olan yeganə şəxs Paşinyandır. Biz isə hüquqi yolla irəliləyirik və Ermənistan Konstitusiya Məhkəməsinə müraciət etmişik”.

O əlavə edib:

“Biz mütləq Konstitusiya Məhkəməsinin qərarını gözləməliyik. Bundan sonra növbəti addımlarımızı planlaşdıracağıq. İndi, məsələn, niyə belə addımlar ataq ki? Axı mümkündür ki, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini ləğv etsin. Yaxud da mümkündür ki, seçkilərin ikinci turuna gedilsin”.

“Parlamentə daxil olmaq qərarını verəndə, siz bu barədə məlumat alacaqsınız. Mən indi deyirəm ki, hazırda bununla bağlı hələ heç bir qərar yoxdur. Qarşıda müxtəlif addımlar var və biz hər şeyi qiymətləndirəcəyik. Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasına hansı yol daha sürətli imkan verəcəksə, biz həmin yolu seçəcəyik”, – deyə “Güclü Ermənistan” hərəkatının lideri Samvel Karapetyan jurnalistlərlə söhbətində bildirib.

Jurnalistlər Samvel Karapetyandan şəxsən hakimiyyət dəyişikliyini hansı müddətdə mümkün hesab etdiyini, bunun nə vaxt baş verəcəyini və ümumiyyətlə baş verib-verməyəcəyini soruşublar.

Karapetyan deyib ki, bu məsələ ilə bağlı özünün müəyyən vaxt planı var, lakin təfərrüatları açıqlamaq niyyətində deyil.

“Biz qiymətləndirəcəyik ki, Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasına hansı yol daha sürətli imkan verir və məhz həmin yolu seçəcəyik”, – deyə Karapetyan vurğulayıb.

Karapetyan əlavə edib ki, onların seçicilərinin təxminən 40 faizi hələ də emosiyaların təsiri altındadır və “Güclü Ermənistan”ın deputat mandatlarından imtina etməsini istəyir. Seçicilərin 60 faizi isə artıq mandatların qəbul edilməsinin tərəfdarıdır. /modern.az/


MANŞET XƏBƏRLƏRİ