Bir neçə gün əvvəl bəzi bankların fəaliyyətində yaranan ciddi problemlər abunəçiləri "Pulumuzu kartda saxlayaq, yoxsa cibimizdə" sualı ilə üz-üzə qoyub.
Maraqlıdır ki, vətəndaşlar pullarını necə saxlamalıdır?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan iqtisadçı Murad Cəlalov bildirib ki, bankların fəaliyyətində yaranan problem sistemin yenilənməsi ilə bağlı idi. Bu yenilənmə isə çox hallarda gecə saatlarında həyata keçirilir:
"Bəzi ölkələrdə yenilənmə prosesi səhər saatlarına düşür və bu zaman əməliyyat aparılarkən müəyyən problemlər yaşanır. Nəticədə insanlar arasında təşviş yaranır. Çünki dəfələrlə banklar bağlanıb və pullar yoxa çıxıb. Riskli və sığortasız depozitlər, o cümlədən sığortalı depoziti olan vətəndaşlar narahatlıq yaşayır. Ona görə ki, sığortalı depozitlərin aldığı məbləğin də limiti olur. Kiçikhəcmli depozitlərin geri ödənməsi ehtimalı daha çoxdur. Lakin yüksək məbləğli depozitlərin bir hissəsinin batması mümkündür".
Murad Cəlalov: Nağd vəsaitin oğurlanması, pulun zədələnməsi kimi hallar ola bilir
Vəsaitin saxlanma üsuluna toxunan M. Cəlalov hesab edir ki, artıq Avropa nağd variantdan çıxır. Avropada kart və soyuq cüzdanlar (cold wallet) olacaq.
"Kart və ya soyuq cüzdanda olan vəsaitdən istifadə etmək üçün internet olmasa belə, telefonun və ya saatın şarjı mütləq olmalıdır. Yəni, Avropada artıq nağdsız rejimə keçirilir. Hər şeyin elektrikləşdiyi və rəqəmsallaşdığı bir dövrdə isə müəyyən risklər var. Nağd vəsaitin oğurlanması, pulun zədələnməsi kimi hallar ola bilir. Rəqəmsallaşmada da bir sıra risklər mövcuddur”.
“Yəni, risksiz heç nə yoxdur. Ona görə də zamana uyğun hərəkət etmək davranmaq daha məqsədəuyğundur", - deyə Murad Cəlalov əlavə edib.