SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şura ilk işçi iclasını keçirib.
Birliyin inzibati binasında keçirilən iclasda Şuranın fəaliyyətinin təşkili və ictimai nəzarət mexanizmlərinin qurulması məsələləri geniş müzakirə edilib.
İclasda İctimai Şuranın fəaliyyət istiqamətlərini müəyyən edən Yol Xəritəsi, Fəaliyyət Planı və Tədbirlər Planı ilə bağlı fikir mübadiləsi aparılıb. Müzakirələrin yekunu olaraq verilən təkliflər də nəzərə alınmaqla Şuranın Yol Xəritəsi, Fəaliyyət Planı və illik Tədbirlər Planı təsdiqlənib.
Çıxış edənlər vurğulayıblar ki, Şuranın işi ilə bağlı hüquqi, texniki və etik çərçivələrin yer aldığı, eləcə də konkret fəaliyyət mexanizmlərinin qeyd olunduğu bu sənədlər qaz təchizatı sahəsində şəffaflığın və hesabatlılığın təmin edilməsinə, ictimai iştirakçılığın artırılmasına imkanlar açacaq, mühüm töhfələr verəcək.
İclasda növbəti addım kimi Şuranın öz məqsədlərini həyata keçirməsi üçün kommunikasiya və koordinasiya vasitələrinin qurulması, işçi orqanlarının yaradılması, fəaliyyət istiqamətləri üzrə məsul şəxslərin müəyyən edilməsi planlaşdırılıb.





