Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarının sözçüsü Samin Əl-Xitan İsrailin atəşkəsə baxmayaraq Livanda hücumlarını davam etdirməsi fonunda tərəfləri atəşkəsi qorumağa və onu davamlı sülhün əsasına çevirməyə çağırıb.
Turkustan.az xəbər verir ki, Əl-Xitan Anadolu Agentliyinin müxbirinin İsrailin cənubi Livana hücumlarını davam etdirməsi və bölgədən ölənlərlə bağlı xəbərlərin gəlməsi fonunda "Bu şəraitdə əsl sülh mümkündürmü?" sualını yazılı şəkildə cavablandırıb.
O bildirib ki, BMT davamlı sülhün əldə olunacağına ümid edir.
"BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün də vurğuladığı kimi, bütün tərəfləri atəşkəsin davamlı düşmənçiliyə son qoyması və uzunmüddətli sülhün təməli olması üçün səylərini artırmağa çağırırıq. Beynəlxalq humanitar hüquqa münaqişənin bütün tərəfləri tərəfindən əməl edilməli, mülki şəxslər isə qorunmalıdır", – deyə Əl-Xitan bildirib.
Aytən Yaşar/ Turkustan.az