21 iyun tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Azərbaycan Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə III “Müasir Pediatriyanın İşığında” konfransı çərçivəsində Əziz Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanasında uşaqlar üçün ödənişsiz tibbi müayinə aksiyası təşkil olunub.
Aksiyanın əsas məqsədi uşaqların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, xəstəliklərin erkən aşkarlanması, profilaktik tibbi xidmətlərin əlçatanlığının artırılması və valideynlərin tibbi maarifləndirilməsinə dəstək göstərilməsi olub. Bu məqsədlə müxtəlif ixtisaslar üzrə 12 uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssis, həmçinin uşaq endokrinoloqu və uşaq reanimatoloqu gün ərzində uşaqları qəbul edərək müayinələr aparıblar.
Aksiya çərçivəsində ümumilikdə 146 uşaq müayinə olunub. Müayinələr zamanı uşaqların fiziki inkişaf göstəriciləri, ümumi sağlamlıq vəziyyəti və mövcud şikayətləri qiymətləndirilib, zəruri hallarda əlavə müayinə və müalicə ilə bağlı istiqamətləndirmələr verilib. Eyni zamanda valideynlərə uşaqların sağlam qidalanması, inkişaf mərhələlərinin izlənilməsi, xəstəliklərin profilaktikası və vaxtında həkim müayinələrinin əhəmiyyəti barədə ətraflı məlumat təqdim olunub.
Azərbaycan Pediatriya Cəmiyyəti hesab edir ki, regionlarda həyata keçirilən bu kimi sosial yönümlü layihələr uşaqların sağlamlığının qorunmasına, keyfiyyətli tibbi xidmətlərə çıxış imkanlarının genişlənməsinə və cəmiyyətin tibbi maarifləndirilməsinə mühüm töhfə verir. Naxçıvanda təşkil olunan müayinə aksiyası da bu istiqamətdə atılan növbəti addımlardan biri olmaqla, ailələr tərəfindən böyük maraq və məmnunluqla qarşılanıb.
Qeyd edək ki, Azərbaycan Pediatriya Cəmiyyəti ölkənin müxtəlif regionlarında elmi-praktik tədbirlərin, maarifləndirici layihələrin və sosial aksiyaların həyata keçirilməsi vasitəsilə uşaqların sağlam gələcəyinin formalaşmasına töhfə verməyə davam edir.

