CHP sədri Özgür Özəl partiyasına qarşı qəbul edilən "tam etibarsızlıq" qərarından sonra verdiyi açıqlamalarda hakimiyyəti sərt tənqid edib və zərurət yaranacağı təqdirdə yeni siyasi partiya yaradılmasının mümkünlüyünü istisna etməyib.
Turkustan.az xəbər verir ki, "Tavır" qəzetinə müsahibəsində Özəl bildirib ki, CHP-ni 47 ildən sonra yenidən ölkənin aparıcı siyasi qüvvəsinə çevirən və AK Partiyanı ilk dəfə seçkilərdə məğlub edən komanda olduqları üçün hədəfə çevriliblər. Onun sözlərinə görə, CHP-yə qarşı həyata keçirilən proses partiyanın daxili məsələsi deyil və hakimiyyətin müdaxiləsi ilə əlaqəlidir.
Özəl iddia edib ki, məqsəd CHP-ni zəiflətmək və seçki ilə formalaşmış rəhbərliyi kənarlaşdırmaqdır. O vurğulayıb ki, partiyanı qorumaq və bu prosesə qarşı mübarizə aparmaqda qərarlıdırlar.
Yeni partiya yaradılması ehtimalına toxunan CHP sədri deyib ki, son günlər müxtəlif vilayətlərdə vətəndaşlarla görüşlər keçirərək onların fikirlərini dinləyib. O bildirib ki, CHP-dəki mövcud vəziyyət aradan qalxmasa, xalqı seçimsiz qoymayacaqlar və lazım gələrsə, yeni siyasi hərəkat yaradacaqlar.
Özəlin sözlərinə görə, belə bir siyasi qurum qadınların, gənclərin, təqaüdçülərin, işçilərin, fermerlərin, sənətkarların, işsizlərin və sosial çətinliklərlə üzləşən milyonlarla insanın maraqlarını təmsil edəcək.
O əlavə edib ki, məqsədləri demokratik rəqabətin, qanunun aliliyinin və şəffaf idarəçiliyin bərpasıdır. Özəl bildirib ki, korrupsiya, qohumbazlıq və israfçılığa son qoyulmalı, siyasət yalnız xalqın iradəsinə əsaslanmalıdır. Onun fikrincə, bu dəyişikliklər Türkiyədə demokratiyanın və iqtisadi inkişafın güclənməsinə şərait yaradacaq.
Aytən Yaşar/ Turkustan.az