Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş beynəlxalq hüquqa hörmətin dünyada ciddi şəkildə zəiflədiyini bildirib və ABŞ–İsrail–İran münaqişəsi fonunda diplomatik danışıqların bərpasına çağırıb.
Turkustan.az xəbər verir ki, o, bu açıqlamanı Nyu-Yorkda BMT-nin mənzil-qərargahında jurnalistlərə verib.
Quterreş vurğulayıb ki, xüsusilə Yaxın Şərqdə beynəlxalq hüquq normaları pozulur, güc tətbiqi ilə bağlı qaydalar gözardı edilir və humanitar öhdəliklər yerinə yetirilmir. Onun sözlərinə görə, mülki əhali bundan ciddi zərər görür.
Baş katib qeyd edib: “Beynəlxalq hüquqa qarşı bu genişmiqyaslı hücumun nəticələri var. Qanunsuzluq xaosa və dağıntıya səbəb olur, əzabları artırır. Bu, beynəlxalq hüquqdan geri çəkilmək yox, əksinə onu yenidən təsdiqləmək vaxtıdır.”
O həmçinin ABŞ–İran münaqişəsi fonunda danışıqların yenidən başlanmasının mümkün olduğunu bildirib və diplomatiyanın vacibliyini vurğulayıb .
Quterreş əlavə edib ki, Beynəlxalq Ədalət Məhkəməsinin 80 illiyi münasibətilə bu həftəsonu Haaqaya səfər edəcək və bu səfər BMT-nin prinsiplərinə dəstək mesajı olacaq.
Aytən Yaşar/ Turkustan.az