Çin orduda süni intellektdən məhdudiyyətsiz istifadə ilə bağlı etik narahatlıqların olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, rəsmi Pekin hesab edir ki, süni intellekt alətləri müharibə qərarlarına həddindən artıq təsir göstərə bilər və buna görə də bu texnologiyalar insan nəzarəti altında qalmalıdır.
Bu barədə Çin Müdafiə Nazirliyinin sözçüsü Jiang Bin Pekində keçirilən mətbuat konfransında danışıb. O, beynəlxalq mediada yayılan xəbərlərə münasibət bildirərək qeyd edib ki, ABŞ-ın Venesuela və İrana hərbi müdaxilələrində süni intellekt texnologiyalarından geniş istifadə olunduğu iddia edilir. Həmçinin Vaşinqton administrasiyasının texnologiya şirkətlərinə ABŞ ordusunun süni intellekt sistemlərinə məhdudiyyətsiz çıxış verməsi üçün təzyiq göstərdiyi bildirilir.
Jiang Bin süni intellektin döyüş meydanında insan nəzarəti və etik məhdudiyyətlər olmadan istifadə olunmasının ciddi risklər yaratdığını vurğulayıb.
Onun sözlərinə görə, süni intellektin hərbi sahədə nəzarətsiz tətbiqi dövlətlərin suverenliyini pozmaq üçün vasitəyə çevrilə bilər və müharibə qərarlarına həddindən artıq təsir göstərə bilər. O qeyd edib ki, alqoritmlərə həyat və ölüm məsələsində qərar vermək səlahiyyətinin verilməsi müharibədə etik prinsipləri və məsuliyyət mexanizmlərini zəiflədir, eyni zamanda texnologiyanın nəzarətdən çıxması riskini artırır.
Aytən Yaşar/ Turkustan.az