Pensiya almaq məsələsi həmişə müzakirələrə səbəb olur. Xüsusən rəsmi iş yeri olmadan çalışanlar, əmək haqlarını yarı-yarı prinsipi ilə alanlar yekunda pensiya məbləğlərindən narazı qalırlar. Eləcə də, pensiyaların valideyndən övlada ötürülməməsi də insanları gileyləndirən məsələlərə daxildir.
İqtisadçı Eldəniz Əmirov Lent.az-a açıqlamasında bildirib ki, maaşların tam rəsmiləşdirilməməsi pensiya məbləğinə ciddi təsir edir:

"Pensiya sistemi əsasən sığorta prinsiplərinə söykənir. Yəni vətəndaşın ödəyəcəyi sosial sığota haqları ilə alacağı pensiya arasında birbaşa əlaqə var. Pensiya vətəndaşın fərdi hesabında toplanır və kapitala çevrilir. Pensiya məbləği fərdi hesabda toplanan kapitala, sığorta stajına və mövcud qanunvericiliyə uyğun hesablanır. Prinsip etibarı ilə bu, düzgün model hesab olunur və müasir yanaşmalara uyğundur.
Problem pensiyanın hesablama mexanizmində yox, əmək bazarının strukturunda - kölgə məşğulluğu, maaşların tam rəsmiləşdirilməməsindədir. Bu isə öz növbəsində insanların pensiya kapitalının formalaşmasına mənfi təsir göstərir. Beləcə, vətəndaşlar nəticədə daha aşağı məbləğdə pensiya alırlar.
Bəs görəsən, pensiyaların indeksləşdirilməsi mexanizmi maaşlara da tətbiq oluna bilər? Bu realdır?
Pensiyaların indeksləşdirilməsi məsələsi hər il qaldırılır, çünki bu, sosial müdafiə baxımından vacibdir. Bu il pensiyalar 9,3 % indeksləşdirildi. 2025-ci ildə orta aylıq əmək haqqının artım dinamikası 9,3 %-ə bərabər olduğu üçün indeksləşdirmənin faiz göstəricisi də ona bərabər hesablandı. Bu, insanların iqtisadi baxımdan rifahları üçün çox önəmli addım idi.
9,3 faizlik artım dinamikasının maaşlara tətbiq olunması isə real mexanizm deyil. Ona görə ki, pensiyaların indeksiya faizi orta aylıq əmək haqlarının artımına görə müəyyənləşib. Yəni, orta aylıq əmək haqqı nə qədər artırsa, pensiyalara da o faiz əlavə olunur. Əmək haqlarının artırılması isə tamamilə fərqli mexanizmdir. Dövlət və özəl sektorlarda hesablanma qaydası fərqlidir. Maaşlara minimum əmək haqqının artırılması təsir edə bilər. Bu da 2027-ci ildən etibarən bir ildən az olmayan müddətdə artırılacaq".
Pensiyaya çıxmasına 1 ay qalmış dünyasını dəyişən adamın da kapitalını istifadə etmək olmur.
E.Əmirov vurğulayıb ki, ən çox müzakirələrə səbəb olan pensiya kapitalının valideyndən övlada ötürülməməsi məsələsidir:
“Bu mövzuda əsas müzakirələrdən biri insan hətta pensiyaya çıxmağa 1 ay qalmış belə, dünyasını dəyişdikdə kapitaldan onun varislərinin birbaşa istifadə edə bilməməsidir. Düzdür, həyat yoldaşı öz pensiyasından imtina edərək, vəfat etmiş ərin pensiyasından istifadə edə bilir. Amma hər iki şəxs həyatda yoxdursa, onların övladları bu kapitaldan istifadə edə bilmir. Eləcə də, həyat yoldaşının pensiyası dünyasını dəyişəninkindən çoxdursa, o zaman da həmin kapitaldan istifadə etmək olmur. Düşünürəm ki, ən müzakirəyə açıq olan məsələ heç olmasa toplanan kapitaldan istifadə etməklə bağlıdır”.