Bu gün Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyev gənc müəllimə Pirizadə Günay Əli qızını avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Şükür Məhərrəmova hökm oxuyub.
Turkustan.az xəbər verir ki, onun barəsində 5 il müddətinə məntəqə tipli həbs cəzası verilib.
Xatırladaq ki, fevralın 11-də dövlət ittihamçısı Ş.Məhərrəmovun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il 9 ay müddətində azadlıqdan məhrum edilməsini istəmişdi. Hakimin hökmü elan edib prosesi yekunlaşdıracağı gözlənilsə də, Nəriman Mehdiyev prosesi ertəsi günə – 12 fevrala təxirə salıb. Həmin gün isə təqsirləndirilən şəxs prosesə gəlməyib, vəkilləri bildiriblər ki, Ş.Məhərrəmov səhhəti ilə bağlı 3 saylı Kliniki Tibbi Mərkəzə müraciət edib.
Hakim növbəti məhkəməni 17 fevral tarixinə ertələyib, xəbərdarlıq edib ki, təqsirləndirilən iclasa qatılmazsa, barəsində axtarış elan ediləcək. Amma həmin gün də Şükür Məhərrəmov prosesə qatılmayıb, Nəriman Mehdiyevin mövqeyi isə gözlənilməz şəkildə “yumşalaraq” hökmün oxunmasını qeyri-müəyyən müddətə təxirə salıb.

Mərhum Günay Pirizadənin atası Əli Məmmədrzayev isə hakimin davranışından kəskin narazı qalıb, o, media vasitəsilə Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova müraciət edib. O, müraciətində hakimin davranışından şikayətlənərək, İ.Kərimovdan ədalətin təmin olunmasına yardım etməyi xahiş edib.
Nəhayət, məhkəmə 20 fevrala təyin edilib. Proses başlayandan qısa müddət sonra hakim təqsirləndirilən Şükür Məhərrəmovu cəzasını məntəqə tipli həbsxanada çəkməklə 5 il müddətində azadlıqdan məhrum edildiyini elan edib.
Zərərçəkənin hüquqi nümayəndəsi, vəkil Rəşad Əliyev “AzPolitika”ya açıqlamasında bildirib ki, hakimin qərarı onları təmin etmir: “Bütün hallarda Ş.Məhərrəmov barəsində cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi ilə bağlı qərar verilməli idi. Biz Nizami Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib hüquq müstəvisində mübarizəmizi davam etdirəcəyik”.
Mərhum G.Pirizadənin atası Əli Məmmədrzayev isə saytımıza hakimin qərarından çox narazı olduğunu, onu ədalətli saymadığını, mübarizəsini davam etdirəcəyini bildirib: “Mən bu cinayət işində ədalətin, haqqın təmin olunması, qızımın ölümünə bais olan şəxsin cəzalandırılması üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etmişəm. Nizami Rayon Məhkəməsinin sədri İlham Kərimli iki dəfə məni yanına dəvət edib ədalətli qərar veriləcəyinə inandırmağa çalışdı. Mən də ona inandım, amma aydın görünür ki, o, başımın altına yastıq qoyurmuş”
Zərərçəkən qərarın tamamilə ədalətsiz olduğunu vurğulayıb: “Şükür Məhərrəmov qızımı piyada keçidinin üzərində vuraraq öldürüb. Bu, ekspertiza rəyi ilə də təsdiq olunub, onun əməlinin yüngülləşdirəcək heç bir hal mövcud deyil. Dövlət ittihamçısı da ona 5 il 9 ay həbs tələb etdi. Bizim də əsas tələbimiz ittiham olunduğu maddə üzrə ona maksimum cəza təyin edilməsi ilə bağlıdır. Belə olan halda dəfələrlə Ş.Məhərrəmova hökm oxunmasını təxirə saldılar, xəstəxanaya yerləşdirdilər. Davamlı şikayətlərimdən sonra məhkəməyə çıxarıb faktiki olaraq azadlığa buraxdılar. Bu qərarı övladımı öldürən şəxsə mükafat sayıram, heç bir ədalət, hüquq gözlənilmədi, gözümüzün içinə baxa-baxa övladımın ölümünə bais olan şəxsi azadlığa buraxdılar”.
Ə.Məmmədrzayev bildirib ki, ədalət təmin olunmayana qədər mübarizədən əl çəkən deyil.
"Mən bu işin arxasında duranları ifşa edəcəyəm, Azərbaycan məhkəmələrində bacarmasam, Avropa Məhkəməsində ədalətin təmin olunmasına nail olacağam”, – o qeyd edib.
Zərərçəkən həmçinin Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya da müraciət ünvanlayıb. Qeyd edib ki, hakim Nəriman Mehdiyev bu hökmü verməklə Azərbaycan qanunlarının tələblərini yerinə yetirməyib, ədaləti təmin etməyib:
“Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım!
Mənim 33 yaşında gənc qızımı öldürüblər, indi də onun ölümünə bais olan şəxsi azadlığa buraxdılar. Mən Sizlərdən kömək istəyirəm, səsimi, harayımı eşitməyinizi istəyirəm. Buna imkan verilməməsininə, bu qanunsuzluğu edənləri cəzalandırılmasına, qızımın ölümünə bais olan şəxsin ədalətli mühakimə olunmasına, əməlinə adekvat cəza verilməsini təmin edilməsinə göstəriş verməyinizi xahiş edirəm. Ümidim Sizlərdədir!”
Xatırladaq ki, Günay Pirizadə 2025-ci il yanvarın 22-də səhər məktəbə gedərkən Neftçilər metrosu yaxınlığında, piyada keçidinin üzərində Şükür Məhərrəmovun idarə etdiyi “Tofaş Doğan” markalı, 10-MR-644 dövlət nömrə nişanlı avtomobillə vurulub. O, hadisə yerində dünyasını dəyişib.
Cinayəti törətmiş Ş.Məhərrəmov barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması – cinayət əməlinin tövsifedici əlaməti qismində zərərçəkmiş şəxsin ölümünə səbəb olma) ilə cinayət işi qaldırılıb.
Şikayətdə haqqında səslənən itihamlarla bağlı hakim Nəriman Mehdiyevin də mövqeyini işıqlandırmağa hazırıq.