"Cangüdənlərlə xarici səfər təcrübəmdən bilirəm ki, xidmətimizin silahlı nümayəndələri (mühafizəçilərin sayı və sursatın miqdarı əvvəlcədən Dövlət Departamentinə nota ilə göndərilir) ABŞ Gizli Xidmət zabiti ilə əlaqəli şəkildə hərəkət edir. Gizli Xidmət zabiti öz növbəsində polisə təlimat verir. Yalnız BMT binasında fərqli protokol tətbiq olunur".
Turkustan.az xəbər verir ki, bunu keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib. O, Vaşinqtonda törədilmiş təxribatla bağlı süni intellektin rəyini bölüşüb:
"Bəli, təhlükəsizlik zonalarına bölünmə var. Bir qayda olaraq, təhlükəsizlik birlikdə təmin edilir: şəxsi cangüdənlər Gizli Xidmət və polislə sıx əməkdaşlıq edirlər. Onlar hərəkətlərini əlaqələndirir və çoxlaylı müdafiə yaradırlar. Məsafəyə gəldikdə isə, artıq dediyim kimi, o, universal deyil və dəyişə bilər. Əsas məsələ insanın həyatı və sağlamlığına birbaşa təhlükənin qarşısını almaqdır.
Başqa sözlə, təhlükəsizlik zonasını pozma cəhdi ABŞ qanunlarının pozulmasıdır. Pozma cəhdinin (odlu silah istifadə etmədən) insani şəkildə qarşısının alınması təhlükəsizlik xidmətinin peşəkarlıq səviyyəsindən xəbər verir".
Teleqraf isə yazır ki, ABŞ-də təhlükəsizlik perimetri xüsusilə Prezidentin iştirak etdiyi tədbirdə və ya xarici dövlət başçısı səfəri zamanı yaradılır. Bəzi hallarda isə ərazi “restricted access area” kimi rəsmiləşdirilir və ora daxil olmaq üçün akkreditasiya tələb olunur. Bu zaman baryeri aşmaq, qorunan şəxsə doğru yaxınlaşmaq, təhlükəsizlik əməkdaşına fiziki müqavimət göstərmək qadağandır. Təhlükəsizlik əməkdaşının qanuni əmrinə tabe olmayana isə daha ağır federal ittiham tətbiq oluna bilər.
ABŞ-də təhlükəsizlik perimetri hər tədbir üçün ayrıca müəyyən olunur. Məsafəni adətən yerində qurulan baryerlər və təhlükəsizlik əməkdaşlarının göstərişləri müəyyən edir. Əgər təhlükəsizlik xidmətinin əməkdaşı “geri çəkilin” deyirsə, o andan etibarən həmin xətt hüquqi sərhəd sayılır.
ABŞ-də etiraz və söz azadlığı yalnız təhlükəsizlik zonasını pozulmadığı müddətdə qorunur. Qorunan yaxın zonaya, hotel girişinə doğru yaxınlaşma qanunla dərhal müdaxilə və saxlanılma tələb edir.
Qeyd edək ki, qorunan yaxın zonaya kortej, hotel girişi və qorunan şəxsin hərəkət trayektoriyası daxildir. Bunların hər hansı birinə fiziki yaxınlaşma dərhal müdaxilə ilə nəticələnir.
Bu mövzuda APA başqa bir xəbər verir ki, onların aqressiv və qeyri-əxlaqi aksiyasına ilk reaksiya və dəstəyin ermənilərin ANCA təşkilatı tərəfindən gəlməsi də təsadüfi deyil. ANCA-dan sonra bu təxribatçı aksiyaya dərhal dəstək verən isə Azərbaycanın düşməni Frenk Pallone olub./Musavat.com