İranda iki həftədir davam edən etirazlar ölkədəki vəziyyəti hər gün daha da pisləşdirir.
Hökumət etirazçıları "xainlər" və "ABŞ və İsrail tərəfindən təhrik edilən terrorçu qruplar" adlandırsa da, küçələrdə rejim əleyhinə etirazçıların sayı artır; rejim tərəfdarları da "etiraza etiraz" şəklində küçələrə çıxırlar. Yaşananlar İranın gələcəyi üçün ciddi təhlükə yaradır və riskləri artırır.
Bu gün İrandakı gələcək inkişaflara iki baxımdan yanaşmaq mümkündür:
1.Rejim qaçacaq və sonrakı proseslər Qərbin nəzarətində "millətlər konfederasiyası"na bənzər yeni (mənə görə həssas) rejim formalaşacaq.
2. Rejim sonuna qədər (Xamenei dediyi kimi) mübarizə aparacaq, alternativ olaraq Çin və Rusiya (Əsəd ailəsində olduğu kimi) dəstək göstərəcək, Qərbin müdaxiləsi ilə vətəndaş müharibəsi başlayacaq.
İranda rejim tərəfdarlarının da olması, onların "etiraza etiraz" prinsipi ilə küçələrə çıxıb dəstək verməsi birinci ehtimalının mümkünlüyü azaltdı, ikinci versiyanı daha real etdi.
İndi hadisələr "ikinci Suriya" şəkli almağa doğru yön alır. Ancaq ciddi fərq var.
İran Suriya deyil.
Əgər Suriya dövlətçiliyi hansısa Britaniya və Fransa imperiyasının təsiri ilə yaranmışdısa, nəticə olaraq xalqın dövlətçilik anlayışı "yad ünsürlər"in təsiri ilə formalaşmışdısa, İranda bu tam əksinədir. İranda dövlətçilik ənənəsi minillərə dayanır, hətta İran-Turan savaşları, həmçinin sülalələr arası çəkişmələr zamanla ciddi fəsadlar doğursa da, indiki İran ərazisində ideoloji birliyin yaranmasına əngəl olmayıb. Təkcə şiəlik inancı və irsi iki əsas millətə – türklər və farslara eyni dövlətdə "eyni vətəndaşlığı bölüşdürə bilib".
Üstəlik,
Etirazlar təbii başladığı üçün təşkilatçılıq yaxşı deyil, hətta kortəbiidir. Bu da etirazçıları fərqi qruplara parçalayır: farslar bölgələri şah bəsrəti çəkirsə, əli türk qanına batan cəlladları türklər istəmir.
Halbuki rejimi dəstəkləyənlər daha az olsalar da, vahid mərkəzdən idarə olunacaqlar.
Bu ana qədər hər şey etirazçıların xeyrinə cərəyan edirdisə, Xameneinin çıxışından sonra rejim tərəfdarlarının küçələrə çıxması rejim üçün "yeni əhval-ruhiyyə" olacaq.
Ancaq bu, etirazçıların məğlub olduğu anlamına gəlmir.
Çünki ABŞ Prezidenti Donald Trampın onlara qarşı silah istifadə edilsə, İran rejimini cəzalandıracağını deməsi etirazçıların təhlükəsizlik barədə narahatlıqlarına tam dəstək verir. Hər halda, İran rejimi belə riski almayacaq.
Bundan sonrakı proseslər etieazçıların müqavimət idarəsinə bağlı olacaq. Rejim çarəsizdir, on illərdir ona qarşı olan nifrət pik həddə çatmaqla qalmayıb, sosial partlayışa çevrilib.
Beynəlxalq situasiya da imkan verir ki, dəyişikliklər üçün yaşıl işıq yansın. Ən azından, Xameneinin bu gün Trampı siyasi dillə "alçaltması" ABŞ-ın qəzəbinə səbəb ola bilər.
ABŞ üçün də indiki hadisələr fürsət qapısını açır.
Geriyə isə, həmişə olduğu kimi İranın taleyini həll edən Güney Azərbaycanın – türklərin mövqeyinin nə olacağı qalır. SEPAH-ın onların seçdiyi prezidentə düşmənliyini bağışlamayacaqları aydındır. Ən azından öz səslərini qorumaq üçün.
Bəs Cənubi Azərbaycan ABŞ-nin müdaxilə ehtimalını necə qiymətləndirəcək?
Bu, asanlıqla cavab verə bilməyəcəyimiz yeganə sualdır. Çünki Azərbaycan türkləri tarix boyu həmişə imperializmə qarşı müqavimət göstərməyi bacarıblar, eyni zamanda zülmə qarşı da üsyan ediblər. Bu gün "Cənubi Azərbaycan "iki pis seçimdən" birini seçəcək, yoxsa hər ikisini silib öz tarixini yazacaq?" sualını cavablamaq çətindir. Ən əsası, Cənubi Azərbaycan ABŞ-nin müdaxilə ehtimalını necə qiymətləndirəcək?
Bu, bir çox sualın cavabını özündə saxlayan əsas sualdır...
Cavabını yaxın 2-3 gün ərzində öyrənəcəyik. /bakivaxti.az/