"Netanyahu yeni müharibələr üçün Trampdan yaşıl işıq gözləyir"


İsrailli siyasi analitiklər Baş nazir Benyamin Netanyahunun bölgədə, xüsusən də İran və Livana qarşı yeni müharibələr başlatmaq istədiyini və bu məsələ ilə bağlı son qərarını ABŞ prezidenti Donald Trampla görüşdən sonra verəcəyini bildiriblər.

Turkustan.az xəbər verir ki, İsrail Baş naziri Netanyahunun 29 dekabrda Floridada Trampla planlaşdırılan görüşündən əvvəl İsrail mediası Tel-Əvivin İrana potensial hücumlarına və Livana hücumların artmasına diqqət yetirir.

Netanyahu hökumətindəki bəzi rəsmilərin Qəzza zolağına hücumları bərpa etmək çağırışlarına baxmayaraq, Trampın hücumlara son qoymaq planını davam etdirmək istədiyi düşünülür.

“Yedioth Ahronoth” qəzetinin analitiki İtamar Eyxner Netanyahu ilə Donald Tramp arasında planlaşdırılan görüş ərəfəsində İsrailin ən yüksək siyasi dairələrində intensiv və gərgin müzakirələrin aparıldığını bildirib.

Eyxnerin sözlərinə görə, bu görüşlərin əsas məqsədi Trampı bir sıra strateji məsələlərdə razı salmaqdır. Həmin məsələlərə HƏMAS və Hizbullahın tərksilah edilməsi, İranın ballistik raket istehsalının qarşısının alınması və İsrailin regiondakı keyfiyyətli hərbi üstünlüyünün qorunması daxildir.

Qəzza ilə bağlı vəziyyətə toxunan analitik qeyd edib ki, əsas fikir ayrılığı HƏMAS-a silahsızlaşdırma üçün veriləcək son tarix məsələsi ətrafında formalaşıb. Onun sözlərinə görə, İsrail tərəfi hesab edir ki, HƏMAS-ın tərksilah edilməsi sonda Tel-Əvivin öz təşəbbüsü ilə həyata keçirilməlidir və bu proses hələ formalaşdırılmamış beynəlxalq sabitləşdirmə qüvvəsinə həvalə olunmamalıdır.

Eyxner əlavə edib ki, əgər Netanyahu ABŞ-dan yeni bir hərbi əməliyyata başlamaq üçün razılıq əldə edə bilsə, bu, İsrail daxilində ciddi siyasi uğur kimi qiymətləndiriləcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ