Ukrayna Prezidenti Volodymyr Zelenski müharibəyə son qoymaq məqsədilə sülh planı üzərində işlərin davam etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, o, qeyd edib ki, “20 maddədən ibarət bir plan var. Ola bilsin, mükəmməl deyil, amma ortada real bir plan mövcuddur”.
Ukrayna Diplomatik Xidməti Günü münasibətilə Kiyevdə Xarici İşlər Nazirliyində keçirilən tədbirdə çıxış edən Zelenski müharibədən zərər çəkmiş ölkəyə göstərdikləri xidmətlərə görə ukraynalı diplomatlara təşəkkür edib. Prezident vurğulayıb ki, Ukrayna hazırda geniş beynəlxalq dəstək qazanıb.
Zelenski bildirib: “Ukrayna uzun tarixində ilk dəfə olaraq demək olar ki, bütün dünyanı birləşdirə bilib”.
O, ABŞ-ın müharibəyə son qoymaq məqsədilə ötən ay təqdim etdiyi sülh planı ətrafında danışıqların davam etdiyini də diqqətə çatdırıb. Prezident əlavə edib ki, “bu müharibəni bitirmək üçün məhsuldar və məzmunlu danışıqlar prosesində olmaq olduqca vacibdir və bu prosesdə əsas müzakirələr strateji tərəfdaşımız olan Amerika Birləşmiş Ştatları ilə aparılır”.
Aytən Yaşar/ Turkustan.az