Zalujnı Londondan Moskvaya elə bir mesaj göndərdi ki... – Ukrayna üçün həlledici həftə


Dünən Floridada (Mayami) başlayan ABŞ-Ukrayna danışıqlarının birinci mərhələsi yekunlaşıb. Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff bu gün Moskvaya yollanacaq. Sabah – dekabrın 2-də isə onun Rusiya lideri Vladimir Putinlə görüşü gözlənilir.

Bu o deməkdir ki, Mayami müzakirələri zamanı Vaşinqton və Kiyev arasında hər halda yeni və ortaq uzlaşma nöqtələri tapılıb. Əks halda, Rusiyaya səfərin anlamı qalmazdı. Üstəgəl, Cenevrə danışıqlarından sonra 28 bəndlik ilkin sənəd layihəsi əhəmiyyətli dəyişikliklərə məruz qalıb...

Sirr deyil ki, əsas siyasi intriqa Ukrayna ordusunun Donbasın işğal olunmayan ərazisindən çıxması ilə bağlıdır. Bəllidir ki, rəsmi Kiyev atəşkəsin faktiki cəbhə xətti boyu tətbiqinin tərəfdarıdırsa, Moskva hələ heç işğal eləmədiyi torpaqları da tələb edir.

Yeri gəlmişkən, “NBC Nyus” bu xüsusda döyüş meydanındakı ukraynalı hərbçilərdən birinə istinadla təsirli xəbər yayıb. Həmin hərbçi telekanala deyib: “Əmr verilsə belə, Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək. Heç kim ərazi məsələsində güzəştə getməyəcək, çünki bura bizim torpağımızdır və biz buradayıq. Bu, plan deyil, bu, əsl kapitulyasiyadır”...

Şübhəsiz, belə döyüş ovqatı ümumən Ukrayna ordusuna xasdır. Maraqlıdır ki, bu arada Silahlı Qüvvələrin keçmiş Baş Komandanı, Londondakı hazırkı səfir Valeri Zalujnı də ölkəsinin ərazi bütövlüyü və təhlükəsizlik prioritetləri ilə bağlı kəskin bəyanatla çıxış edib. Onun əminliyinə görə, Putin üçün hədəf təkcə Donetsk və Luqansk deyil, bütün Ukraynadır.

Zalujnı Donetskin güzəştə getmək barədə müzakirələrin yolverilməz olduğunu söyləyib: “Bu, Ukraynanın gələcək təhlükəsizliyini təhlükə altına atar. Ukrayna Donetski əsla güzəştə getməməlidir. Münaqişə yalnız təmas xəttində dondurula bilər. Biz NATO-ya indi üzv ola bilmirik, amma üzvlük hüququmuz mütləq qorunmalıdır”.

Təcrübəli general-diplomat onu da bildirib ki, Rusiya ilə müharibənin hələ uzun müddət davam etməsi mümkündür və bu səbəbdən Ukraynanın strateji ittifaqlara açıq qalması həyati əhəmiyyət kəsb edir...

Göründüyü kimi, növbəti prezident seçkisində Zelenskiyə real alternativ sayılan Zalujnı Ukraynanın suverenliyi və ərazi bütövlüyü məsələsində onunla və döyüşən ordu ilə eyni mövqedədir. Bu isə hər şeydən öncə Moskvaya siqnaldır.

Təsadüfi deyil ki, ABŞ-la danışıqlarda Ukrayna üçün ikinci prinsipial və prioritet məsələ təhlükəsizliyə zəmanət ətrafındadır. Ona görə ki, Kiyev bir daha Kremlin quru vədlərinə və imzasına inanıb aldanmaq istəmir. Düz də edir. Bu mənada Uitkofun Moskva danışıqlarının nəticələri Vaşinqton-Kiyev təmaslarının xarakterinə mühüm ştrixlər qata bilər.

Daha bir səbəbə: heç kim, o cümlədən Putin son dərəcə mövcud həssas durumda Trampın qəzəbinə gəlmək istəmir. Rusiyaya qarşı yeni və qat-qat sərt sanksiyalar paketi isə faktiki hazırdır. Anti-Rusiya mövqeli Konqres sadəcə, Trampdan işarə gözləyir. Bunun fonunda Kiyevə daha öldürücü silahların tədarükü arta bilər. Qısası, seçim qarşısında olan indi təkcə Zelenski və komandası yox, həm də Putinin özüdür...

Bu arada Türkiyənin xarici işlər naziri Hakan Fidan nikbin bəyanat səsləndirib. Nazir deyib ki, Ukrayna ilə bağlı sülh anlaşması regionda növbəti 50-70 il və ya daha uzun müddətdə sülhü təmin edə bilər.

“Belə bir müqavilədə tərəflərdən heç birinin digərinə hər hansı səbəbdən hücum etməyəcəyinə dair aydın öhdəliklər olmalıdır. Əgər bu məsələdə razılığa gələ bilsək, regionda daha 50, 60 və ya 70 illik sülhə gətirib çıxara bilər. Və bəlkə də daha uzun müddətə”, - Fidan Armenpress-ə müsahibədə deyib və onu da əlavə edib ki, indi bunun üçün “tarixi fürsət yaranıb.

Qalır bu tarixi şansın Kremldə layiqincə dəyərləndirilməsi. Kiyevlik elə bir iş yox. Sual da elə budur ki, Uitkoff Moskvadan nəylə qayıdacaq? Tapılacaq cavabdan indi həm də Rusiyanın taleyi asılıdır... /musavat.com/


MANŞET XƏBƏRLƏRİ