Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə açıqlama verib.
Turkustan.az xəbər verir ki, Zaxarova deyib ki, əgər ABŞ administrasiyası Ukraynaya “Tomaqavk” tipli raketlərin ötürülməsi qərarını qəbul edərsə, bu addım Rusiya-Amerika münasibətlərinə düzəlməz zərər vuracaq.
“ABŞ administrasiyasının bu qərarı – əgər, təkrar edirəm, son nəticədə qəbul olunarsa – təkcə qarşıdurmanın dərinləşməsi riskini artırmayacaq, həm də ikitərəfli dialoqun yenidən qurulmasına dair ümidləri tamamilə məhv edəcək”, – deyə Zaxarova bildirib. O, ABŞ prezidenti Donald Trampın “Vaşinqton müəyyən mənada artıq uğursuzluğa düçar olmaq qərarına gəlib” fikrini şərh edərkən bu sözləri səsləndirib.
Zaxarova qeyd edib ki, Rusiya, bu məsələ ilə bağlı verdiyi siqnallara Vaşinqtonun diqqət yetirəcəyinə ümid edir:
“Biz bu məsələni diqqətlə izləyirik və bu həssas mövzuda maksimum təmkinli davranmağa çağırırıq. Çünki bu cür addımlar Ukrayna münaqişəsində həll axtarışlarını daha da çətinləşdirə bilər.”
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, prezident Vladimir Putin artıq Moskvanın bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə bəyan edib:
“Əgər belə bir ötürmə baş tutarsa, raketdən müdafiə sistemimizi əhəmiyyətli dərəcədə təkmilləşdirməyimizə baxmayaraq, qanadlı raketlər güclü silahlardır və onların Kiyev rejiminin ixtiyarına verilməsi Ukrayna münaqişəsində ciddi eskalasiyaya səbəb olacaq. Bu, döyüş meydanında qüvvələr balansını dəyişməsə də, məsələ sadəcə silah ötürülməsi ilə bitmir – bu tip silahların Amerika hərbçilərinin birbaşa iştirakı olmadan istifadəsi faktiki olaraq mümkün deyil”, – deyə Zaxarova vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az