Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərin “Türk əsgərləri Qəzzəyə sülhməramlı qüvvə kimi göndəriləcəkmi?” sualını cavablandırıb.
Turkustan.az xəbər verir ki, Ərdoğan bu məsələ ilə bağlı İsrail və HƏMAS arasında davam edən sülh danışıqlarına və Misirin Şarm əl-Şeyx şəhərində aparılan müzakirələrə diqqət çəkib.
"Bizim əsas prioritetimiz ən qısa müddətdə təcili və hərtərəfli atəşkəsin əldə olunmasıdır. Qəzzaya humanitar yardımların fasiləsiz şəkildə çatdırılması böyük əhəmiyyət daşıyır. Eyni zamanda, İsrailin hücumları nəticəsində tamamilə dağıdılan Qəzzanın infrastrukturunun yenidən qurulması da prioritetlərimiz sırasındadır", – deyə, Ərdoğan bildirib.
Qəzzanın Fələstin torpaqlarının ayrılmaz tərkib hissəsi olduğunu vurğulayan Prezident Ərdoğan əlavə edib: "Fələstinlilərin Qəzzanı nəticə etibarilə özlərinin idarə etməsi çox önəmlidir. Təhlükəsizliyin hansı vasitələrlə təmin ediləcəyi və sabitləşdirici qüvvələrin necə formalaşdırılacağı isə geniş şəkildə qiymətləndirilə bilər."
Aytən Yaşar/ Turkustan.az