Urmiya gölü "YOXA ÇIXDI" - Peykdən görüntülər


ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) yayımladığı son peyk görüntüləri İranda faciəvi ekoloji mənzərəni üzə çıxarıb.

Turkustan.az xəbər verir ki, görüntülərə əsasən, ölkənin ən böyük gölü hesab olunan Urmiya gölü geniş duz çölünə çevrilib və demək olar ki, tamamilə quruyub.

Mütəxəssislər bildirirlər ki, gölün yox olmasının əsas səbəbləri uzunmüddətli quraqlıq, qlobal iqlim dəyişikliyi, su anbarlarının tikilməsi və kənd təsərrüfatında həddindən artıq su istifadəsidir.

Onların fikrincə, gölün quruması yalnız İran üçün deyil, bütün bölgə üçün ekoloji təhlükə mənbəyinə çevrilib.

Urmiya gölünün yoxa çıxması artıq regionun təbii balansını pozub. Minlərlə hektar torpaq şoranlaşmaya məruz qalıb, kənd təsərrüfatı məhsuldarlığı kəskin aşağı düşüb. Göl ətrafında yaşayan sakinlərdə isə tənəffüs yolları xəstəliklərinin artdığı qeyd olunur, çünki küləklər qurumuş gölün dibindən qalxan duz qatlarını ətrafa yayır.

Alimlərin sözlərinə görə, əgər təcili tədbirlər görülməsə, bölgə yaxın illərdə tammiqyaslı ekoloji fəlakətlə üz-üzə qala bilər. Bu, həm insanların sağlamlığına, həm də iqtisadi fəaliyyətə ağır zərbə vuracaq.

Bir vaxtlar orta Şərqin ən böyük göllərindən biri olan Urmiya gölü turizm və biomüxtəliflik baxımından da əvəzsiz idi. Onun yox olması həm də minilliklər boyu formalaşmış təbii və mədəni irsin itirilməsi deməkdir. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ