Ermənistanda separatçiların bütün izləri SİLİNİR


Ermənistan Baş Prokurorluğu qondarma Dağlıq Qarabağ hökumətinin mülkiyyət hüquqlarının İrəvanda dövlət qeydiyyatının etibarsız sayılması tələbi ilə Kadastr Komitəsinə qarşı məhkəmə iddiası qaldırıb.

Turkustan.az-ın məlumatına görə, iddia ərizəsində bildirilir ki, Baş Prokurorluq “Artsax”ın İrəvandakı daimi nümayəndəliyinin binasının geri qaytarılmasını tələb edir.

“Prokurorluq tələb edir ki, İrəvan şəhəri, N.Zaryan küçəsi, bina 17A, Ərəbkir icması ünvanında yerləşən binaya DQR hökumətinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatı etibarsız hesab edilsin”,-deyə iddia ərizəsində qeyd olunur.

Xatırladaq ki, uydurma rejimin İrəvandakı nümayəndəliyinin ləğvi ilə bağlı Ermənistan hökuməti və separatçılar arasında əvvəllər də qarşıdurma yaranıb. Hələ 2023-cü ilin oktyabr ayında cinayətkar rejimin nümayəndələrinin bir qrup üzvü qaçaraq Ermənistanda gizləndikdən sonra Baş nazir Nikol Paşinyanın İrəvandakı “Artsaxın nümayəndəliyi”ni və “Artsaxın operativ qərargahı”nı ləğv etmək qərarına gəldiyi barədə məlumatlar yayılmışdı.

Bu ilin aprel ayında isə “Qarabağ hökuməti”nin İrəvandakı nümayəndəliyinin binası Ermənistan hökumətinin sərəncamına verilmişdi. Hərbi cinayətlərdə ittiham edilən və hazırda Bakıda mühakimə edilən erməniəsilli Arayik Arutyunyan 5 il əvvəl binanı 800 min dollar məbləğində “Artsaxbank”a girov qoyduğu bildirilir.

Ermənistanın mövcud qanunvericiliyinə görə, bina hələ də girov predmeti olmaqda davam etdiyindən əmlaka olan hüquqlar dövlətə verilib. Əgər məhkəmə Baş prokurorluğun iddiasını təmin edərsə ləğv edilmiş qondarma rejimin Ermənistandakı fəaliyyətinin qarşısı alınacaq. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ