İki islam dövləti ÜZ-ÜZƏ – Asiyada yeni savaş ALOVLANIR


Artıq hərbi toqquşmalar Asiya qitəsinə də yayılmağa başlayıb. Pakistanın Hindistanla qarşıdurması başa çatmamış, bu dəfə İslamabadla Kabul arasında gərginlik yaranıb. Belə ki, Pakistan hərbçiləri ilə "Taliban" hərəkatının üzvləri arasında Əfqanıstanın Hilmand vilayətində silahlı qarşıdurma qeydə alınıb.

Bu barədə "Al Arabiya" məlumat yayıb. Məlumata görə, insident Pakistanda yeni nəzarət-buraxılış məntəqəsinin tikintisi fonunda baş verib.

Nə baş verir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Pakistanla Əfqanıstan arasında tarixə bağlı kifayət qədər dərin ziddiyyətlər mövcuddur. Ekspertin fikrincə, Puştunistan məsələsi Pakistan üçün ağır problemdir:

“Bu ziddiyyətin təməlini qoyanlar da ingilislərdir. Dürand xəttini çəkməklə gələcəyin təməlinin altına qoyulan mübahisəli sərhəd xətti yaratdılar. Əfqanıstanda əhalinin 60 faizini puştunlar təşkil edir. Onlar da hakim dövlət qura biləcək əhalidir. Onların bir qismi də Pakistanda yaşayır. Ona görə böyük Puştunistan ideyası da gündəmə atılıb. Həmin ideya uğrunda çalışanlar beləcə Pakistan ərazisinə də göz dikirlər. Bu səbəbdən Puştunistan problem Pakistan üçün ağrılı bir problemdir”.

Həmsöhbətimiz düşünür ki, ərazidə toqquşma baş verirsə, birmənalı olaraq burada xarici qüvvələrin də əli var:

“Fikrimcə, rəsmi İslamabad vaxt itirmədən Kabulla təmaslara girməlidir. Diplomatiya işə başlamasa, vəziyyət sözü həqiqi mənasında gərginləşə, hətta ciddi müharibə də baş verə bilər. İki ölkə arasında sərhəd, su problemləri var. Amma vacib görünən dialoqun başlanmasıdır.

Tərəflər dialoqa gəlməsələr, genişmiqyaslı toqquşmalar baş alıb gedəcək və bunun ardı kəsilmədiyi halda müharibəyə çevriləcək. Düşünürəm ki, Hindistan əhvalatından sonra Pakisyan Əfqanıstanla bağlı bu məsələnin böyüməməsində maraqlıdır. Bunun üçün şərait var və diplomatların qeyri-standart gedişləri məsələdə yardımçı ola bilər”.


MANŞET XƏBƏRLƏRİ