3 il 3 aydan çoxdur davam edən Rusiya-Ukrayna savaşında sular durulmaq bilmir. Gün keçdikcə müharibənin miqyası və itkilərin sayı azalmaq yerinə, daha da artır. Üstəlik, gərginliyin başqa ölkələrə sıçraması, hətta Şərqi Avropa ölkələrinin müharibə meydanına çevrilməsi də gündəmdədir.
Hər müharibə sülhlə bitir?
Məlum olduğu kimi, son aylarda Rusiya və Ukrayna arasında sülh danışıqları məsələsi dünya siyasətində əsas müzakirə mövzusuna çevrilib. Çünki ABŞ-ın hazırki prezidenti Donald Tramp seçki kampaniyası dövründə verdiyi “müharibəni 24 saata bitirəcəm” vədi ilə sülhə inam yaratmışdı. Doğrudur, Tramp ikinci dəfə Ağ Evə qayıdandan sonra sülh üçün bir sıra işlər gördü. Ancaq həmin “24 saat”ın üzərindən 4 aya yaxın vaxt keçib. Nəticə isə yoxdur.
Çünki sülh üçün güzəşt olmalıdır...
Bəli, iki zidd qütbdə dayanan tərəf bir-birilərinə doğru addım atmasalar, ya da həmin addımları atmağa məcbur edilməsələr, bir araya gələ bilməzlər. Diplomatiyada da oxşar vəziyyət hökm sürür. Tərəflər sülh istəyirlərsə, öz tələblərindən müəyyən qədər güzəştə getməlidirlər. Bəs Rusiya və Ukrayna nə edir?
İnsafən, qeyd etməliyik ki, Ukrayna açıq şəkildə qeyd-şərtsiz atəşkəsə razı olduğunu elan edib. Üstəlik, Kiyev Trampın sülh üçün önəmli olduğunu iddia etdiyi Nadir torpaq mineralları sazişini də imzalayıb.
Ancaq Rusiya qəti şəkildə güzəştə getmək istəmir.
“Reuters” agentliyinin məlumatına görə, Putin Qərb ölkələrindən NATO-nun şərqə doğru genişləndirilməyəcəyi və Ukrayna, Gürcüstan, eyni zamanda Moldovanın alyansa üzv olmayacağı haqda “yazılı” öhdəlik almaq istəyir.
Bundan əlavə, Rusiyanın tələbləri arasında aşağıdakılar var:
- Ukrayna üçün neytral status;
- bəzi Qərb sanksiyalarının ləğvi;
- dondurulmuş aktivlər məsələsinin həlli;
- Ukraynanın rusdilli sakinlərinin müdafiəsi.
- Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin tam halda Rusiyanın nəzarəti altına keçməsi.
Üstəlik, Kremlin uzun müddətdir ortaya atdığı Zelenskinin legitimliyi məsələsi də sülh üçün böyük problem olaraq qalır. Belə ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bir neçə gün əvvəl Ukrayna nizamlanmasına dair sənədlərin imzalanması zamanı Volodimir Zelenskinin legitimliyi məsələsinə toxunub. Lavrov Zelenskidən sonra Ukraynada hakimiyyətə gələcək şəxsin razılaşdırılan hər hansı sənədi şübhə altına ala biləcəyini söyləyib: “Əgər legitimliyi şübhə altında olanlar bu sənədi imzalasa, onu hakimiyyətdə əvəz edənlər bunu şübhə altına ala bilər”.
Ukraynada isə hələlik seçkilərin keçiriləcəyi ilə bağlı heç bir “işıq” görünmür.
Rusiya niyə geri addım atmır?
Trampın Ukrayna siyasətinin Baydendən köklü şəkildə fərqlənməsi Moskvanın hazırki mövqeyi tutmasında başlıca faktorlardan biridir. Çünki Tramp Kiyevə hərbi yardım etmək yerinə, tez bir zamanda savaşı bitirmək taktikası ilə “oynayır”. Bu isə Ukraynanın cəbhədə vəziyyətini gərginləşdirir, Rusiyanın üstünlüyünü isə daha da möhkəmləndirir.
Belə olan halda, daha çox ərazini ələ keçirmək potensialı olan Moskva sülhə dırnaqarası yanaşır.
Digər tərəfdən, Rusiya Krımdan savayı, Ukraynanın 4 vilayətini də öz ərazisinə birləşdirib. Bu əraziləri hər hansı formada güzəştə getmək, Moskvanın nöqteyi-nəzərindən “ərazilərini” Ukraynaya bağışlamaq olar.
Üçüncü vacib məqam isə NATO-nun genişlənməsi məsələsidir. Rusiya xarici siyasətində bu tezis əsas istiqamətlərdən birini tutur. Əgər Kreml hər hansı formada Ukraynanın Qərbə yaxınlaşmasına icazə versə, bunun xarici siyasətdə məğlubiyyət olacağını düşünür.
Avropanın oyanışı
Savaşın daha da böyüyəcəyinin ən böyük xəbərçisi isə Avropanın təhlükəsizliklə bağlı əl-ayağa düşməsidir. Məsələn, Almaniya öz qoşunlarını Baltik ölkələrində yerləşdirmək qərarına gəlib. Məlumata görə, 5 minə yaxın alman əsgəri Baltikyanı ölkələrdə mövqe tutacaq. Şərqi Avropa ölkələri və Finlandiya isə mütəmadi hərbi təlimlər keçirir.
Şimali Avropa ölkələri də "Ümumi müdafiə" rejiminə keçməyə başlayıb. Soyuq müharibədən qalma sığınacaqlar təmizlənir və münaqişə baş verəcəyi halda qüvvələri yerləşdirmək planları hazırlanır. Avropanın iki böyük gücü Böyük Britaniya və Fransa isə ABŞ-ın “sülhpərvər” siyasəti fonunda Ukraynaya yardımlarını daha da artırır, üstəlik silahlanmanı daha da sürətələndirirlər.
Bu qədər gərginlik fonunda kütləvi silahlanma isə daha böyük fəlakətlərin anonsu hesab oluna bilər. Çexovun dediyi kimi, “əgər birinci pərdədə divardan tüfəng asılıbsa, o, sonrakı pərdədə istifadə olunacaq. Yoxsa onu ora qoymağa dəyməzdi”.
Yəni, bu qədər silahlanma dünya üçün yaxşı heç nə vəd etmir... /bizim.media/az/