İki məğlubiyyət, iki ümid - Azərbaycan futbolunun həlledici həftəsi...


Azərbaycan çempionu "Sabah" Çempionlar Liqasında, "Qarabağ" isə Konfrans Liqasında ilk oyunlarda səfərdə məğlub olsalar da, hər iki təmsilçimizin taleyi hələ də öz meydanında həll olunacaq.

Bir sözlə"Sabah"ın səfərdə Danimarkanın "Orhus" klubuna 1:2, "Qarabağ"ın isə Ukrayna təmsilçisi "Dinamo"ya (Kiyev) 0:1 hesablı məğlubiyyəti geridönüş ümidlərini tam söndürməyib. İndi bütün diqqətlər doğma azarkeşlər qarşısında keçiriləcək cavab qarşılaşmalarına bağlanıb.

Məlumat üçün bildirək ki, "Sabah" avqustun 12-də, "Qarabağ" isə bundan bir gün sonra meydana çıxacaq.

Azərbaycan birincisi öz meydanında hesabı çevirərək Çempionlar Liqasında növbəti mərhələyə vəsiqə qazana biləcəkmi? Ölkə futbolunun bel sütunu sayılan "Qarabağ" Avropa təcrübəsini yenidən nümayiş etdirərək minimal hesablı məğlubiyyətin əvəzini çıxa biləcəkmi?

Futbol mütəxəssisi Kənan Məstəliyev Musavat.com-da hər iki klubun səfər oyununu və növbəti tur şanslarını bu cür dəyərləndirdi: "İlk oyundakı məğlubiyyətə baxmayaraq, "Sabah"ın rəqibini mübarizədən kənarlaşdırmaq üçün kifayət qədər potensialı var. Qarşılaşmanın gedişində daha çox təhlükəli vəziyyət yaradan və oyuna nəzarət etməyə çalışan tərəf məhz Azərbaycan çempionu idi. Cavab görüşündə daha aqressiv futbol sərgilənərsə, komanda pley-off mərhələsinə yüksələ bilər. Oyun keyfiyyəti baxımından "Sabah" "Orhus"dan geri qalmır, əksinə, daha üstün komandadır. Lakin ilk matçda futbolçuların konsentrasiyasında problemlər hiss olunurdu və komanda fiziki baxımdan da istənilən səviyyədə təsir bağışlamadı. Danimarka təmsilçisi rəqibini ətraflı analiz etmişdi və açıq futboldan xüsusi olaraq yayındı. Baş məşqçi Poulsen yaxşı anlayırdı ki, yüksək tempdə və qarşılıqlı hücumlar şəraitində oynanılacaq matç "Sabah"ın xeyrinə olacaq. Buna görə də rəqib oyunun sürətini aşağı salmağa, əsasən əks-hücumlar və "Sabah"ın səhvlərindən yararlanmağa üstünlük verdi. Bu taktika da nəticə etibarilə öz bəhrəsini verdi".

Ekspert əlavə edib ki, "Sabah"ın əsas problemi yenə də hücumların məntiqi sonluqla başa çatdırılmaması oldu: " Cərimə meydançası daxilində yaradılan çoxsaylı imkanların boşa verilməsi ciddi çatışmazlıqdır və baş məşqçi Valdas Dambrauskas bu məsələyə mütləq həll yolu tapmalıdır. "Sabah" bu rəqibi keçəcək gücdədir və cavab oyununda bunu meydanda sübut edəcək".

K.Məstəliyev "Qarabağ" barədə isə bunları söyləyib: "Komanda əvvəlki matçlardakı dinamikasından uzaq idi, futbolçular həm fiziki, həm də psixoloji baxımdan yorğun təsir bağışlayır, sadə epizodlarda belə top itkilərinə və yanlış qərarlara yol verirdilər. Qurban Qurbanovun start heyəti və taktiki seçimləri uğurlu alınmadı. Buraxılan qolda Zubirin kobud səhvi həlledici rol oynadı. Bu məğlubiyyətə görə əsas məsuliyyət baş məşqçinin üzərinə düşür. Həm oyun planı, həm heyət seçimi, həm də matç ərzində verilən qərarlar istənilən nəticəni vermədi. Amma cavab oyununda "Qarabağ" əvvəlki səhvləri təkrarlamasa, növbəti mərhələyə yüksəlmək üçün kifayət qədər gücə malikdir və bu rəqibə uduzmaq Ağdam təmsilçisi üçün uğursuz nəticə sayılacaq". /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ