Demokratlarda liderlik savaşı: Ceffris və Şumerə qarşı narazılıq artır


ABŞ-da noyabrın 3-də keçirilən ara seçkilərdə Konqresin hər iki palatasında Respublikaçılar üzərində qələbə qazanan Demokratlar Partiyası bu dəfə daxili liderlik böhranı ilə üzləşib.

Turkustan.az xəbər verir ki, Nümayəndələr Palatası və Senatda partiya rəhbərliyi uğrunda fikir ayrılıqları getdikcə dərinləşir. Müdafiə naziri Pit Heqsetə qarşı impiçment təşəbbüsü zamanı 11 demokratın səsvermədə iştirak etməməsi, partiyanın Nümayəndələr Palatasındakı lideri Hakim Ceffrisin İsrailpərəst mövqeyi və Senatda liderlik uğrunda rəqabət partiyadaxili gərginliyi artırıb.

Demokratlar ara seçkilərdən sonra Tramp administrasiyasına qarşı ilk ciddi siyasi addımlarından biri kimi Pit Heqsetə qarşı impiçment təşəbbüsü irəli sürüblər. Lakin səsvermədə 11 demokrat nümayəndənin iştirak etməməsi təşəbbüsün uğursuzluğa düçar olmasına səbəb olub.

Bu hadisə partiya daxilində müzakirələri daha da gücləndirib. Xüsusilə, Nümayəndələr Palatasında Demokratların hazırkı lideri Hakim Ceffrisin İsrailə dəstək verən mövqeyi narazılıq doğurur. Onun 2027-ci ilin yanvarında başlayacaq yeni müddətdə yenidən partiya lideri seçiləcəyi ilə bağlı gözləntilər də etirazları artırır. Səsvermədə 11 demokratın iştirak etməməsinin qəsdən baş verdiyi barədə ehtimallar da gündəmə gəlib.

Senatda isə Berni Sanders hazırkı demokrat lider Çak Şumerə qarşı liderlik uğrunda mübarizə aparıb. Bundan əlavə, Demokratlar Partiyasından bir nümayəndə partiya rəhbərliyi tərəfindən Hakim Ceffrisə səs verməyə məcbur edildiyi ilə bağlı təzyiqlərə məruz qaldığını açıqlayıb.

Beləliklə, seçkilərdə əldə olunan uğura baxmayaraq, Demokratlar Partiyasında liderlik, İsrail siyasəti və partiyadaxili qərarlarla bağlı fikir ayrılıqları dərinləşməkdə davam edir.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ