“Bu ailələrə uşaqpulu, azı 4 uşağı olanlara isə…” – Məsələ gündəmə gətirilir


Azərbaycanda doğum göstəricilərində azalma müşahidə olunur. Rəsmi statistikaya əsasən, 2026-cı ilin ilk beş ayında ölkədə 34 056 körpə dünyaya gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 780 nəfər azdır. Demoqrafik göstəricilərdəki bu dəyişiklik cəmiyyət üçün mühüm suallar yaradır.

Doğum sayının azalmasının ölkə üçün hansı sosial və iqtisadi fəsadları ola bilər?

Turkustan.az xəbər verir ki, mövzu ilə bağlı globalinfo.az-a danışan AĞ Partiya sədri Tural Abbaslı deyib ki, bir sıra demoqrafik göstəricilər – doğum sayının azalması, nikahların pozulması, gənclərin ailə qurma yaşının yüksəlməsi və ailələrdə uşaq sayının azalması dövlətin demoqrafik təhlükəsizliyi üçün ciddi təhdid yaradır:

“Ümumiyyətlə, bu məsələyə yalnız əhali artımı prizmasından yanaşmaq düzgün deyil. Burada həm iqtisadi, həm sosial, həm də birbaşa dövlət təhlükəsizliyi ilə bağlı məqamlar var. Bir dövlətin mövcudluğunu davam etdirməsi və inkişafı üçün əhalisi artmalı, yeni ailələr qurulmalı, dünyaya uşaqlar gəlməlidir. Dövlət də bu prosesi təşviq etməlidir. Dünyanın bütün normal dövlətləri – istər böyük, istərsə də kiçik ölkələr bu məsələyə ciddi yanaşır. Əhali artımının təmin edilməsi, ailə institutunun möhkəmləndirilməsi və sağlam cəmiyyətin formalaşdırılması üçün müxtəlif dövlət proqramları həyata keçirilir. Gənc ailələrin dəstəklənməsi, doğumun stimullaşdırılması, boşanmaların azaldılması istiqamətində psixoloji dəstəkdən tutmuş sosial və iqtisadi təşviqlərə qədər müxtəlif mexanizmlər tətbiq olunur. Ona görə də dövlət bu məsələyə sadəcə ailənin şəxsi işi kimi yanaşmamalıdır”.

T.Abbaslının fikrincə, bəzi dövlət məmurlarının və ya ictimai xadimlərin səsləndirdiyi “baxa bilmirsənsə, uşaq dünyaya gətirmə” fikri çox bəsit və yanlış yanaşmadır:

“Uşağın dünyaya gəlməsi təkcə ailənin deyil, həm də dövlətin, onun gələcəyinin və təhlükəsizliyinin məsələsidir. Biz AĞ Partiya olaraq bu istiqamətdə dəfələrlə müxtəlif təkliflərlə çıxış etmişik. Məsələn, uşaqpulunun bərpasının tərəfdarıyıq. Eyni zamanda hesab edirik ki, çoxuşaqlı ailə anlayışı yenidən nəzərdən keçirilməlidir. Hazırda bu status beş və daha çox uşağı olan ailələrə şamil edilir. Biz isə bunun üç və daha çox uşağı olan ailələrə də aid edilməsini təklif edirik. Bundan əlavə, dörd və daha çox uşağı olan ailələrin dövlət tərəfindən mənzillə təmin olunmasını, uşaqların müəyyən yaşa qədər qidalanma və geyim xərclərinin dövlət tərəfindən qarşılanmasını məqsədəuyğun hesab edirik. Belə addımlar ailələri daha çox uşaq sahibi olmağa həvəsləndirə bilər”.

Tural Abbaslı deyib ki, lazımi tədbirlər görülməsə və doğum göstəriciləri əhalinin özünü bərpa etməsi üçün tələb olunan həddən aşağı düşərsə, geri dönüşü çox çətin olan demoqrafik proseslər başlaya bilər:

“Bu, yalnız dövlət üçün deyil, ümumilikdə xalqımızın gələcəyi üçün ciddi risk yaradar. Bunlar heç də mif və ya fərziyyə deyil. Demoqrafik risklər statistik göstəricilər və elmi araşdırmalarla təsdiqlənmiş reallıqlardır. Ona görə də dövlət bu problemə ciddi yanaşmalı, qanunvericilik səviyyəsində və stimullaşdırıcı mexanizmlərlə bağlı qərarlar qəbul etməlidir. Demoqrafik siyasəti yalnız ailələrin öhdəsinə buraxmaq olmaz. Dövlət bu prosesdə fəal iştirak etməlidir”.


MANŞET XƏBƏRLƏRİ