“Alin” Sənət Mərkəzi Samsunu coşdurdu - FOTO - VİDEO


Samsun şəhərində fəaliyyət göstərən “Alin” Sənət Mərkəzi 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə şəhər ictimaiyyəti qarşısında çıxış edib.

Turkustan.az xəbər verir ki, “Samsun Piazza” Ticarət Mərkəzində baş tutan konsertdə süni mayalanma müalicəsi ilə dünyaya gələn balacalardan ibarət “Möcüzə” uşaqlar xoru səhnəyə çıxıb.

“Alin” Sənət Mərkəzinin yetirmələrindən olan Yusufhan Çakırın çıxışı isə xüsusi diqqət çəkib. 11 yaşlı musiqiçinin pianoda ifası coşğu ilə qarşılanıb. O, hələ kiçik yaşlarında bir sıra müfafatlar qazanıb. 10 yaşında isə İngiltərə Kral Musiqi Məktəbləri Assosiasiyası (ABRSM) tərəfindən orta məktəb səviyyəsinə uyğun “Associate of the Royal Schools of Music” diplomuna layiq görülüb. Y.Çakır həmçinin “Vivaldi” beynəlxalq musiqi yarışmasında piano kateqoriyası üzrə birincilik qazanıb, dünya səviyyəli istedadlı musiqiçilərlə eyni səhnəni paylaşıb.

“Möcüzə” uşaqlar xorunun konserti Medical Park Samsun Xəstəxanasının Süni Mayalanma Mərkəzi ilə “Alin” Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

“Alin” Sənət Mərkəzinin qurucusu Özlem Başoğlu Primeinfo.az-a açıqlamasında bildirib ki, istedadlı uşaqların kəşf edilməsi məqsədilə yaradılan mərkəz şəhərin mədəni həyatında özünəməxsus yer tutur: “23 Aprel Qazi Mustafa Kamal Atatürkün təşəbbüsü ilə yaradılan bayramdır. Samsun isə Atatürkün Türkiyə Cümhuriyyətinin qurulması uğrunda ilk yola çıxdığı məkandır. Bu səbəbdən samsunlular Atatürk ideyalarına sadiqlikləri ilə hər zaman seçiliblər. Hər il 23 Apreli böyük təntənə ilə qutlayırıq. Bu, bizim gələcəyimiz olan övladlarımızı cümhuriyyət dəyərlərində böyütmək istəyimizin göstəricisidir”.


MANŞET XƏBƏRLƏRİ