Azərbaycan alıcısı erməni məhsulunu alacaq?


Bu ilin yanvar ayında Azərbaycan Ermənistana 2 milyon 403,6 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Məlumata görə, bu, Azərbaycanın ümumi ixracının 0,1 %-ni təşkil edib. Ötən ay Ermənistandan Azərbaycana ixrac həyata keçirilməyib. Ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilib.

Daha sonra bu il yanvarın 9-da Ermənistan Azərbaycandan 1 742 ton "Aİ-95" markalı benzin və 956 ton dizel, yanvarın 11-də isə 979 ton "Aİ-92" markalı avtomobil yanacağı idxal edib. Bəs

Azərbaycan Ermənistandan hansı məhsullar idxal edə bilər və buna istehlakçı marağı olacaqmı?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a bildirib ki, Ermənistandan Azərbaycana əsasən aqrar sektor məhsulları və sənaye üzrə spirtli, şərab, konyak kimi spirtli içkilər idxal oluna bilər:

“Ermənistanın ixracatına diqqət etdikdə, burada kənd təsərrüfatı məhsullarının, xüsusilə də kartof, bir sıra meyvə çeşidlərinin ixracatının yüksək olduğunu görürük. Bu məhsullar digər xarici ölkələr kimi Azərbaycana da idxal oluna bilər. İlin müxtəlif mövsümlərində Azərbaycanın daxili bazarında kənd təsərrüfatı məhsullarına ehtiyac yaranacağı təqdirdə Ermənistandan bu idxal həyata keçirilə bilər.

Hələlik ilkin mərhələdə və yaxın gələcəkdə xüsusi istehsal olunmuş və qablaşdırılmış hansısa məhsulun Azərbaycan bazarında görünməsi mümkün deyil. Bu, psixoloji bir bazar münasibətidir.

İlk növbədə nəzərə almaq lazımdır ki, Ermənistanda istehsal edilərək qablaşdıırlmış hər hansı ərzaq məhsulu Azərbaycan bazarında pərakəndə satış nöqtələrində olan zaman onun alıcısı olmaya bilər. Vətəndaşlar haqlı, psixoloji bir səbəbdən Ermənistanda qablaşdırlmış hər hansı bir məhsulu almaya bilərlər.

Bu, yaxın dövr üçün başadüşülən bir faktordur. Ona görə də idxal-ixrac əməliyyatlarında yarımfabrikatlar, xammal və xüsusilə də aqrar sektor üzrə məhsulların ticarəti həyata keçirilə bilər. Ermənistandan da Azərbaycana ən çox gətirilməsi ehtimal edilən aqrar sektor üzrə məhsullardır ki, son illər həmin ölkə kənd təsərrüfatı məhsuları üzrə ixracatında ciddi artımlara nail ola bilib.

Bu baxımdan, yaxın dövr üçün Azərbaycandan enerji daşıyıcıları, yanacaq məhsulları xammal və yarım istehsal halında Ermənistan bazarına çıxarılıbsa, eyni qaydada da aqrar sektor və digər məhsullar üzrə ölkəmizə xammal kimi idxal edilə bilər.

Spirtli içkilər və digər qablaşdırılması zəruri olan pərakəndə satış üçün nəzərdə tutulan Ermənistan məhsullarının ölkəmizdə qablaşdırılaraq Azərbaycan markası altında satışa çıxarılmasını istisna etmirik.

Lakin qablaşdırılmış və etiketlənmiş istehsalçı haqqında məlumat olan məhsullar Azərbaycan bazarında yaxın gələcəkdə görünməyəcək. Ona görə də biz gözləyirik ki, ilkin mərhələdə xüsusilə kənd təsərrüfatı məhsulları Ermənistandan zərurət və tələb olduğu təqdirdə idxal oluna bilər”.


MANŞET XƏBƏRLƏRİ