Son zamanlar sosial şəbəkələrdə və bəzi xarici media orqanlarında Covid 19-a bənzər yeni infeksiyanın yayılması ilə bağlı iddialar səsləndirilir. Dünyada yenidən pandemiya təhlükəsinin yarana biləcəyi barədə yayılan məlumatlar cəmiyyətdə narahatlıq doğurur.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri, dosent Cəlal İsayevin sözlərinə görə, belə bir təhlükə hələ gözlənilmir:

“Hazırda elə bir dövrdür ki, kəskin respirator virus infeksiyalarının yayılma dövrüdür. Covid olmasa da qrip, paraqrip, adenovirus kimi xəstəliklərə yoluxmaq ehtimalı var. Ona görə də insanların çoxlu toplaşdığı yerlərdən uzaq durulmalıdır. Özümüzü yoluxma ehtimalından qorumalıyıq. Yaxşı olar ki, kimdə respirator xəstəlik varsa, ümumiyyətlə, toplum yerlərinə çıxmasınlar. Maskadan istifadə etsinlər. Profilaktik tədbirləri görməliyik. Hələlik isə Covid kimi pandemiya təhlükəsi yoxdur. İnsanlar təlaşlanmasınlar, ancaq ehtiyatı da əldən verməsinlər. Orqanizmimizi gücləndirək, düzgün qidalanaq, düzgün həyat tərzi keçirək”.