Fitrə verməyənlərin orucu qəbul olunmur? - İlahiyyatçıdan qalmaqallı açıqlama


Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan ayı ilə bağlı fətva verib. İdarənin Qazilər Şurası bu il Azərbaycanda fitrə zəkatının miqdarını adambaşına 10-15 manat civarında müəyyənləşdirib.

Bəs fitrə kimlərə verilməlidir və kimlər verməlidir?

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, fitrə sədəqəsi Ramazan ayının son günlərində, xüsusilə bayram namazından əvvəl verilməlidir:

“Peyğəmbərimiz buyurur: tutduğunuz oruc səmada asılı vəziyyətdədir və onun Allah qatında qəbul olunması üçün fitrə sədəqəsi verilməlidir. Əsrlərdir fitrə sədəqəsi arpa, buğda, kişmiş və xurma ilə verilir. Bu da təqribən üç kilo civarında olmalıdır. Günümüzdə isə bu məhsulların müxtəlif qiymətləri var. Fətvalara əsasən, fitrə sədəqəsinin məbləği müəyyənləşdirilir və onu pul şəklində vermək də mümkündür.

İmkanlı insanlar fitrə sədəqəsini öz maddi vəziyyətlərinə uyğun şəkildə verməlidirlər. Əgər gündəlik həyatlarında daha keyfiyyətli qida alırlarsa, fitrə çıxararkən də eyni keyfiyyətdə yardım etmələri tövsiyə olunur. Çünki elə ailələr var ki, az miqdarda yardım belə onlar üçün böyük dəstəkdir.

Bu mübarək ayda fitrə sədəqələrimizi daha səxavətlə verək, ehtiyacı olan insanları sevindirək. Minimum məbləğ Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müəyyən edilir, lakin istəyənlər daha yüksək məbləğdə də fitrə verə bilərlər”.


MANŞET XƏBƏRLƏRİ