Rusiyada tanınmış azərbaycanlı vəkil, diaspor fəalı Ələkbər Qarayev barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. O, Krasnoyarsk şəhərində iki tanışı ilə birlikdə saxlanılıb.
Rusiya Federasiyası İstintaq Komitəsinin Krasnoyarsk diyarı və Xakasiya üzrə Baş İstintaq İdarəsinin yaydığı məlumata görə, Ələkbər Qarayev Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi və 159-cu maddəsinin 4-cü hissəsi (mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda törədilmiş dələduzluğa cəhd) ilə şübhəli bilinir.
İddialara əsasən, Qarayev və digər şəxslər “Sibiryak” tikinti şirkətinin prezidenti Vladimir Yeqorovdan rüşvət almağa cəhd etməkdə şübhələndirilirlər. Məhkəmə qərarı ilə vəkil barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam edir.
Xatırladaq ki, Ələkbər Qarayev Rusiyada soydaşlarımızı prinsipial məsələlərdə daim müdafiə etməklə məşhurdur. 1964-cü ildə Samux rayonunda anadan olan Ələkbər Qarayev ali təhsilini əvvəlcə iqtisadiyyat sahəsində alıb, daha sonra hüquq təhsili alaraq 2000-ci ildən vəkil kimi fəaliyyət göstərib. O, uzun illər Krasnoyarsk və Moskva şəhərlərində hüquqi fəaliyyətlə məşğul olub.
Qarayev 2002-ci ildən Rusiya Hüquqşünaslar Assosiasiyasının üzvüdür. O, həmçinin Ümumrusiya Azərbaycan Konqresinin Krasnoyarsk şöbəsində sədr müavini vəzifəsində çalışıb və diaspor fəaliyyətində aktiv rol oynayıb.
Vəkil xüsusilə Rusiyada yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi ilə tanınıb. Onun ən çox diqqət çəkən hüquqi uğurlarından biri 2015-ci ildə Krasnoyarsk məhkəməsində “Erməni terrorizmi” kitab-albomu ilə bağlı qadağa qərarının ləğvinə nail olması olub.
Ələkbər Qarayev Rusiyada saxlanılmış azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallınin də vəkili kimi çıxış edib. O zaman Ermənistan tərəfindən beynəlxalq axtarışa verilmiş Zeynallının azadlığa buraxılması prosesində fəal iştirak edib və məsələ ilə bağlı açıqlamalar verib.
Qarayev həmçinin müxtəlif vaxtlarda Rusiyada soydaşlarımıza qarşı törədilmiş hüquq pozuntuları və cinayət hadisələri ilə bağlı mövqeyini açıq şəkildə ifadə edib, hüquqi müdafiəni təşkil edib.
2017-ci ildə o, İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub. Dünya Azərbaycanlılarının IV və V Qurultaylarının iştirakçısı olub.
Rusiyadakı bəzi diaspor nümayəndələri Qarayevin uzun illər aktiv ictimai fəaliyyət göstərdiyini, soydaşlarımızın hüquqlarını müdafiə etdiyini bildirirlər. Onlar hesab edirlər ki, istintaq hərtərəfli və obyektiv aparılmalıdır və ittihamlar əsaslı sübutlarla təsdiqlənməlidir.
Hazırda Ələkbər Qarayevə qarşı irəli sürülmüş ittihamların məhkəmədə araşdırılması gözlənilir. Onun təqsiri məhkəmə qərarı olmadan sübuta yetirilmiş hesab edilmir.