İsrail İrəvana “Harop” dronları verib - Müharibənin simvolu Ermənistana keçir?


İsrail istehsalı olan və Azərbaycanın İkinci Qarabağ müharibəsində geniş tətbiq etdiyi “Harop” kamikadze dronunun analoqunun Ermənistana da ixrac edildiyi barədə məlumatlar yayılıb. Ermənistanın “Davaro” şirkətinin nümayiş etdirdiyi “Dragonfly-3” pilotsuz aparatının “Harop” dronlarına oxşarlığı vurğulanıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu açıqlama verib.

Elxan Şahinoğlu: "İranın Rusiya ilə strateji tərəfdaş olması bizi ciddi  düşündürməlidir"

O deyib ki, hazırda Hindistan Ermənistana müxtəlif növ hərbi texnika ixrac edir və bunların içərisində İsrail texnologiyası ilə hazırlanan dronlar da ola bilər. Hindistanla İsrail arasında isə hərbi əməkdaşlıq üst səviyyədədir və bu sahədə ortaq layihələri mövcuddur.

Sitat: “Azərbaycanla Hindistan İsraillə süni intellekt sahəsində də əməkdaşlığı genişləndirməyə çalışırlar. Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev fevralın 4-də İsrailə səfəri çərçivəsində süni intellekt sahəsində anlaşma memorandumu imzalayıb. İmzalanma mərasimində İsrailin baş naziri Benyamin Netanyahu da iştirak edib. Tədbirdə iki ölkə arasında kibertəhlükəsizlik, rəqəmsallaşma və kosmik sahədə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb”.

Elxan Şahinoğlu onu da bildirir ki, Yeni Dehlidə süni intellekt mövzusunda sammit öz işinə başlayıb.

Müzakirələrdə İsraili müxtəlif şirkətlər təmsil edir:

“Hindistan bu sahədə İsraillə əməkdaşlığını gücləndirməyə üstünlük verir. İsraildə süni intellekt sahəsində çalışan 2300 şirkət mövcuddur. Bu şirkətlər gəlirlərini artırmaq üçün İsraillə tərəfdaşlıq münasibətləri olan ölkələrlə ortaq layihələr həyata keçirirlər. “Google” şirkətinin Hindistana 15 milyard dollarlıq yatırımı İsrail şirkətlərinin də bu bazara diqqətini artırıb. Hindistanın informasiya texnologiyaları sahəsində 6 milyon mütəxəssisi var və onlar 180 min startap layihəsi üzərində çalışırlar. Hindistan hökuməti süni intellekt tədqiqatlarını, infrastrukturunu və sektorlar üzrə tətbiqini artırmaq üçün 1,25 milyard ABŞ dolları dəyərində beş illik plan qəbul edib. Eynilə, İsraildə də baş nazirin yanında xüsusi süni intellekt mərkəzi təsis edilib”.

Elxan Şahinoğlu daha sonra yazır: “Beləliklə, hazırda dövlətlər arasında rəqabət iqtisadiyyat və ordularının gücləri ilə yanaşı süni intellekt sahəsində əldə etdikləri uğurlarla da ölçülür. Bu baxımdan Azərbaycanın süni intellekt sahəsində ABŞ və İsraillə imzaladığı müvafiq sazişlərin həyata keçirilməsinin əhəmiyyəti böyükdür”. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ