Bakıda fantastik qiymətə qəbir yeri satılır – Türkiyə modeli gündəmdə


8 min manat ver, sonra öl.

İnanılmaz bir yerə gedirik, zatən reallığı az-çox bilirdik, dünən oxuduğum status qərarımın nə qədər düz olduğunu sübut etdi. Yəqin görmüsünüz, dayısını basdırmaq üçün qəbiristanlıqda yer axtaran, Bakının mərkəzində bir obyekt qiymətinə torpaq təklifi alan vətəndaşın yazdıqlarını:

“Dayım rəhmətə gedib. Hələ yasın şoku canımızdan çıxmamış, getmişik qəbiristanlığa yer danışmağa. Elə bil torpaq yox, Bakının mərkəzində obyekt alırıq. Tək torpaq 8.000 manat. Bir anlıq fikirləşdim ki, yəqin içində kombi sistemi, isti döşəmə də var. Amma yox, bildiyimiz torpaq”.

Yas mərasimi, üstəlik qəbiristanlıq hay-küyü.

Özümü dərk edəndən demişəm ki, mən yandırılmağın tərəfdarıyam, dünyada yer tutmaq nəyimə? Ruh söhbətinə inansaq, şəxsən hər ziyarətdə ruhum inciyər. Mən öləndən sonra yaxınlarımın əziyyət çəkməsimi? Yox, cənab.

Bir müddət əvvəl kremasiya məsələsi gündəm olmuşdu, həmin zaman deputat Ceyhun Məmmədov bildirmişdi ki, meyitlərin yandırılması üçün kremasiya mərkəzləri yaradılacaq. Ümid edirəm, onu da astronomik qiymətə təklif etməzlər. Bilməyənlər üçün deyim ki, kremasiya ölən insanın cəsədinin xüsusi sobalarda yüksək temperaturda yandırılaraq külə çevrilməsi üsuludur.

Bu arada, torpaq məsələsi qlobal problemdir, dünya üzrə də dəfn xərcləri inflyasiyaya görə sürətlə artır. Hətta bəzi şəhərlərdə bir qəbir yeri 30-100 min dollara qədər gəlib çıxır. Təbii ki, əsas səbəb torpaq çatışmazlığıdır. Ona görə də hazırda əksər ölkələrdə kremasiya sürətlə yayılır.

Müqayisə üçün qeyd edim ki, qardaş ölkədə vəziyyət daha qənaətbəxşdir. Söhbət Türkiyədən gedir – orada ölmək də, basdırılmaq da nisbətən ucuzdur. Təbii ki, premium yer istəsən, çox baha ola bilər. Amma böyük şəhərlərdə dəfnlər sosial xidmət kimi təşkil olunur. Məsələn, meyitin yuyulması, kəfən, tabut, nəqliyyat, qəbir qazılması…Və ən canalıcı nöqtə bilirsiniz nədir? Bunların çoxu bələdiyyə tərəfindən pulsuz verilir. Bəli, bəli, kasıb insan da rahatlıqla ölə bilər, dövlət onun dəfn xərclərini öz üzərinə götürür.

Azərbaycan da bu üsula keçə bilərmi? Qərar bilənlərin ixtiyarında… /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ