İzmir Xocalı Soyqırımının 34-cü İldönümünə hazırlaşır


İzmir şəhəri 26 fevral – Xocalı Soyqırımının ildönümü ilə əlaqədar anım mərasiminə hazırlaşır. Hər il olduğu kimi, bu il də tədbir Karabağlar və Bornova bələdiyyələrinin inşa etdirdiyi Xocalı abidəsinin önündə keçiriləcək.

Anım mərasimi Karabağlar və Bornova bələdiyyələrinin təşkilatçılığı, eləcə də İzmir Azərbaycan Kültür və Dayanışma Dərnəyi və Azərbaycan Dost Federasiyasının dəstəyi ilə baş tutacaq.

Bu ilki proqram çərçivəsində Karabağlar Bələdiyyəsində xüsusi səhnə tamaşası təqdim olunacaq. Azərbaycanın Türkiyədəki mədəniyyət elçisi, aktrisa Roza İbadova Koçamaz, jurnalist Elşad Eyvazlının “Böyüməyən Uşaqlar” kitabı əsasında səhnələşdirdiyi və rejissorluğunu öz üzərinə götürdüyü tamaşa ilə çıxış edəcək.

Xocalı faciəsinin ağrı-acısını özündə əks etdirən bu səhnə əsəri İzmir şəhərində təhsil alan azərbaycanlı tələbələrin ifasında tamaşaçılara təqdim olunacaq. Tamaşa soyqırımın dəhşətlərini, günahsız uşaqların yarımçıq qalan talelərini və xalqımızın yaddaşına həkk olunan faciəni bədii dillə ifadə edəcək.

Aktrisa Roza İbadova Koçamaz sosial media hesabında tamaşanın məşqlərindən görüntülər paylaşaraq, hazırlıq prosesinin davam etdiyini bildirib. Paylaşımlarda tələbələrin yüksək həssaslıq və məsuliyyətlə bu tamaşaya hazırlaşdığı vurğulanır.

Qeyd edək ki, Xocalı Soyqırımı hər il Türkiyənin müxtəlif şəhərlərində, o cümlədən İzmir şəhərində geniş şəkildə anılır. 26 fevral tarixində keçiriləcək mərasimdə şəhidlərin xatirəsi ehtiramla yad ediləcək, çıxışlar və ədəbi-bədii kompozisiyalar təqdim olunacaq.


MANŞET XƏBƏRLƏRİ